Starbucks 9 ay sonra süni intellekt sistemindən imtina etdi
Süni İntellekt
22.05.2026
Sevinj
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Starbucks cəmi 9 ay əvvəl istifadəyə verdiyi süni intellekt əsaslı inventar sistemindən imtina edib. Şirkət Şimali Amerikadakı mağazalarda tətbiq olunan “Automated Counting” adlı aləti uğursuz nəticələrə görə dayandırır və yenidən əl ilə inventar sayımına qayıdır.
2025-ci ilin sentyabrında Starbucks tərəfindən istifadəyə verilən sistem NomadGo ilə əməkdaşlıq çərçivəsində hazırlanmışdı. Məqsəd süd, sirop və digər məhsulların sayım prosesini avtomatlaşdırmaq, dəqiqliyi artırmaq və təchizat zəncirini optimallaşdırmaq idi. İşçilər planşet və mobil cihazlarla rəfləri skan edir, sistem isə stok vəziyyətini avtomatik müəyyənləşdirirdi.
Bununla belə, layihə gözlənilən nəticəni verməyib. Məlumata görə, sistem tez-tez məhsulları səhv tanıyır, oxşar süd növlərini qarışdırır və bəzi məhsulları ümumiyyətlə qeydə almırdı. Hətta təqdimat videolarından birində sistemin rəfdəki nanəli sirop şüşəsini tanımadığı da görünmüşdü.
Şirkətin daxili məlumat bülletenində bildirilib ki, artıq süd və içki komponentləri digər inventar kateqoriyaları kimi yenidən əl ilə sayılacaq. Bəzi əməkdaşlar isə qərarı müsbət qarşılayıb və sistemin ideyasının yaxşı olsa da, praktiki tətbiqinin problemli olduğunu qeyd ediblər.
Paylaş