Süni intellekt 80 illik riyazi problemi təkzib edib
Süni İntellekt
21.05.2026
Sevinj
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, OpenAI süni intellekt sahəsində yeni və olduqca iddialı açıqlama ilə gündəmə gəlib. Şirkət bildirir ki, onun yeni "reasoning" modeli riyaziyyatda təxminən 80 ildir həll olunmayan məşhur həndəsə problemini təkzib edən orijinal sübut hazırlayıb.
Söhbət 1946-cı ildə məşhur macar riyaziyyatçısı Paul Erdos tərəfindən irəli sürülmüş bir fərziyyədən gedir. Uzun illər riyaziyyatçılar bu problemin ən optimal həllərinin kvadrat torlara bənzər strukturlar əsasında qurulduğunu düşünürdülər. OpenAI iddia edir ki, hazırladığı model bu yanaşmanın düzgün olmadığını göstərərək daha səmərəli nəticə verən tamamilə yeni konstruksiya ailəsi kəşf edib.
Bu, OpenAI üçün ilk belə iddialı açıqlama deyil. Təxminən 7 ay əvvəl şirkətin keçmiş vitse-prezidenti Kevin Weil GPT-5 modelinin 10 həll olunmamış Erdos problemini həll etdiyini bildirmişdi. Sonradan məlum olmuşdu ki, model yeni həll tapmayıb, sadəcə elmi ədəbiyyatda artıq mövcud olan həlləri müəyyən edib. Bu açıqlama rəqiblər, o cümlədən Yann LeCun və Demis Hassabis tərəfindən tənqid olunmuşdu.
Bu dəfə isə OpenAI açıqlamasını dəstəkləmək üçün tanınmış riyaziyyatçıların fikirlərini də yayımlayıb. Onlar arasında Noga Alon, Melanie Wood və Erdős problemləri bazasının müəllifi Thomas Bloom də yer alır. OpenAI bildirir ki, bu hadisə süni intellektin yalnız riyaziyyat üçün deyil, biologiya, fizika, mühəndislik və tibb kimi sahələrdə də mürəkkəb elmi problemlərin həllinə yaxınlaşdığını göstərir. Şirkətin sözlərinə görə, yeni model uzun və çətin məntiq zəncirlərini qoruyaraq müxtəlif sahələr arasındakı əlaqələri daha yaxşı qura bilir.
Paylaş