Logo
    main-post-cover

    Süni intellekt elektrik şəbəkələrinə fiziki zərər yetirə bilər

         İllərlə kibertəhlükəsizlik sahəsində mütəxəssislər əsas diqqəti kritik infrastrukturun, xüsusən də elektrik şəbəkələrinin, rəqəmsal hücumlardan qorunmasına yönəldirdilər və müxtəlif sistemlərdən istifadə edərək təhlükənin yaranmasının qarşısını alırdılar. Lakin Microsoft, OpenAI NVIDIA mütəxəssisləri tərəfindən aparılmış yeni araşdırma göstərir ki, elektrik şəbəkələri üçün əsas təhlükə heç də hakerlər deyil, məhz süni intellektdir. “Süni İntellekt Təlim Mərkəzləri üçün Enerji Təchizatının Sabitləşdirilməsi” (Power Stabilization for AI Training Datacenters) adlı araşdırma süni intellektin sürətli miqyasda tətbiqi ilə bağlı maraqlı bir tendensiyanı üzə çıxarıb. Sürətləndiricilərin işlədilməsi prosesində 2 əsas mərhələ var: birincisi, hesablama mərhələsi - burada onlar mürəkkəb riyazi əməliyyatları yerinə yetirərək çoxlu enerji sərf edirlər, ikincisi isə kommunikasiya mərhələsi - burada sürətləndiricilər bir-birilə məlumat mübadiləsi aparırlar. Birinci mərhələdən ikinciyə keçiddə enerji istehlakında kəskin artım, ikinci mərhələdən birincisinə keçiddə isə sürətli azalma baş verir.
         Hiperskeylerlərdə (daha geniş əhatə dairəsinə sahib, genişmiqyaslı hesablamaların aparılması üçün istifadə olunan və dünyanın müxtəlif yerlərində yerləşən böyük data-mərkəzlər şəbəkəsi) bu sıçrayışlar onlarla, hətta yüzlərlə meqavata çata bilər ki, bu da ümumilikdə elektrik şəbəkələrinin vəziyyətinə mənfi təsir göstərir. Söhbət sadəcə resursların qeyri-səmərəli istifadəsindən getmir - bu, kritik əhəmiyyətli infrastruktur üçün real təhlükədir. Hesabatda qeyd olunur ki, enerji istehlakındakı dalğalanmalar enerji sisteminin əsas komponentlərinin - generatorlar və yüksək gərginlikli xətlərdəki avadanlıq da daxil olmaqla - rezonans tezlikləri ilə üst-üstə düşə bilər ki, bu da potensial olaraq şəbəkənin qeyri-sabitləşməsinə, avadanlıqların sıradan çıxmasına və genişmiqyaslı qəzaların baş verməsinə səbəb olur. Başqa sözlə, süni intellekt fəaliyyəti elektrik şəbəkələrinin analoq infrastrukturuna birbaşa fiziki təhlükə yaradır. Bu problemin həlli üçün 3 əsas yanaşma təklif olunur.
         Birincisi, boş dayanma vaxtlarında sürətləndiricilər üzərində ikincidərəcəli tapşırıqları yerinə yetirmək olar, yəni avadanlığı tamamilə dayandırmadan “boş gedişdə” saxlamaq. Bu metod sadədir, lakin ən yaxşısı deyil - ümumi enerji səmərəliliyi artmır və əsas tapşırığın yerinə yetirilməsi zamanı məhsuldarlığın azalması mümkündür. İkincisi, birbaşa süni intellekt sürətləndiriciləri səviyyəsində minimal enerji istehlakı həddi təyin edilə bilər, lakin bu da enerji səmərəliliyinə kömək etmir. Nəhayət, üçüncü yanaşma olaraq enerji toplayan sistemlərdən istifadə etmək olar: istehlakın aşağı olduğu vaxtlarda onlar yüklənir, yükün sıçrayışı zamanı isə ümumi elektrik şəbəkəsindən sərfiyyatı kəskin artırmaq əvəzinə toplanmış enerjini ötürürlər. Belə sistemlər sıçrayışların qarşısını alır və istehlak olunan gücün artımını və azalmasını yumşaldır. Elektrik şəbəkələri uzun müddətdir kritik infrastrukturun bir hissəsi hesab olunur, lakin indi onlar üçün yeni təhlükələr rəqəmsal və real dünyanın qovşağında meydana çıxır.
         Böyük bir süni intellekt klasterinə icazəsiz giriş əldə edən hücumçular enerji istehlakı nümunəsini məqsədli şəkildə dəyişdirərək maddi infrastrukturun zədələnməsinə səbəb ola bilərlər. Başqa sözlə, hücumçular elektrik stansiyasına və ya şəbəkələrə yaxınlaşmadan belə onları zədələyə bilərlər. Microsoft, OpenAI və NVIDIA tərəfindən hazırlanmış hesabatda maraqlı tərəflər açıq şəkildə qeyd edirlər ki, süni intellektin miqyası artıq elə səviyyəyə çatıb ki, rəqəmsal aktivlik mühüm fiziki nəticələrə gətirib çıxarır. Kibertəhlükəsizlik mütəxəssisləri yalnız rəqəmsal reallığa deyil, həm də kritik əhəmiyyətli infrastrukturun qorunmasına vaxt ayırmalı və hazırlanmaqda olan, həmçinin tətbiq edilən alqoritmlərin nəticələrini nəzərə almalıdırlar. Buna misal olaraq 2024-cü ilin yayında Virciniyada baş vermiş hadisə göstərilə bilər: millisaniyəlik nasazlıq nəticəsində gücü 1.5 GVt olan 60 məlumat mərkəzi eyni anda bir neçə saatlıq fəaliyyətini dayandırmışdı.
    Paylaş