Logo
    main-post-cover

    Süni intellekt jurnalistikada yeni mərhələyə keçir

         Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, süni intellekt texnologiyaları son illərdə redaksiyalarda sınaq məqsədilə istifadə edilsə də, onların gündəlik jurnalist fəaliyyətinə tam inteqrasiyası hələ geniş yayılmayıb. Bu istiqamətdə ciddi addım atan Symbolic.ai startapı Rupert Merdoka məxsus media holdinqi News Corp ilə mühüm əməkdaşlıq razılaşması imzalayıb.
        Razılaşmaya əsasən, News Corp maliyyə xəbərlərinin əsas mərkəzlərindən biri olan Dow Jones Newswires platformasında Symbolic.ai-ın süni intellekt əsaslı alətlərindən istifadə etməyə başlayacaq. News Corp-un portfelinə The Wall Street Journal, MarketWatch və New York Post kimi qlobal miqyasda tanınan media qurumları daxildir.
        Keçmiş eBay CEO-su Devin Wenig və Ars Technica-nın həmtəsisçisi Jon Stokes tərəfindən təsis edilən Symbolic.ai şirkəti bildirir ki, onun platforması keyfiyyətli jurnalist məzmununun hazırlanmasına dəstək verir və xüsusilə mürəkkəb araşdırma proseslərində məhsuldarlığı 90 faizə qədər artıra bilir. Süni intellekt həlli redaksiya iş axınlarını optimallaşdıraraq xəbər bülletenlərinin hazırlanması, audio materialların transkripsiyası, faktların yoxlanılması, başlıqların optimallaşdırılması və SEO üzrə tövsiyələr kimi funksiyalar təqdim edir.
        News Corp-un bu addımı şirkətin süni intellekt texnologiyalarına açıq yanaşmasının davamı kimi qiymətləndirilir. Xatırladaq ki, media holdinqi 2024-cü ildə OpenAI ilə çoxillik tərəfdaşlıq müqaviləsi imzalayaraq öz məzmununun lisenziyalaşdırılmasına razılıq vermişdi. Keçən ilin noyabrında isə şirkət bu əməkdaşlıq modelini genişləndirərək materiallarını digər süni intellekt şirkətlərinə də təqdim etməyi nəzərdən keçirdiyini açıqlamışdı.
        Yeni razılaşma süni intellektin redaksiyalarda yalnız eksperimental alət kimi deyil, jurnalistikanın əsas iş mexanizmlərindən biri kimi istifadəsinə keçidin sürətləndiyini göstərir.
    Paylaş