Logo
    main-post-cover

    Süni intellekt köməkçilərinin cavablarında ciddi səhvlər aşkar edilib

         Avropa Yayım Birliyi (EBU) və BBC tərəfindən aparılmış yeni araşdırmaya görə, aparıcı süni intellekt köməkçiləri cavablarının demək olar ki, yarısında xəbər məzmununu təhrif edir. Təxminən 45% hallarda süni intellekt köməkçilərinin cavablarında azı bir ciddi səhv aşkarlanıb, 81% cavabda isə ümumiyyətlə müəyyən problem mövcud olub. Araşdırmada Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və ABŞ da daxil olmaqla 18 ölkədən 22 dövlət media qurumu iştirak edib. EBU və BBC mütəxəssisləri ChatGPT, Copilot, GeminiPerplexity kimi aparıcı süni intellekt köməkçilərinin 14 dildə verilmiş 3000 xəbər sualına cavablarını təhlil ediblər. Qiymətləndirmə cavabların dəqiqliyinə, məlumat mənbəyinin göstərilməsinə və fikri faktlardan ayırmaq qabiliyyətinə əsaslanıb.
         OpenAIMicrosoft daha əvvəl hallüsinasiyalar probleminin mövcudluğunu - yəni süni intellekt modellərinin məlumat çatışmazlığı kimi səbəblər üzündən yanlış və ya çaşdırıcı məlumat yaratması hallarını - etiraf etmişdilər. Hər iki şirkət bu problemi aradan qaldırmaq üzərində çalışdıqlarını bildiriblər. Öz növbəsində, Perplexity AI xidməti “Dərin tədqiqat” adlı rejimlərindən birinin faktlara uyğunluq baxımından 93.9% dəqiqliyə malik olduğunu iddia edir. Araşdırmaya əsasən, süni intellekt köməkçilərinin cavablarının 1/3-i məlumat mənbəyi ilə bağlı ciddi səhvlər ehtiva edir - məsələn, mənbənin olmaması, çaşdırıcı və ya yanlış şəkildə göstərilməsi. Google-un süni intellekt köməkçisi Gemini cavablarının təxminən 72%-də məlumat mənbəyi ilə bağlı ciddi problemlər aşkarlanıb, digər süni intellekt köməkçilərində isə bu göstərici 25%-dən az olub.
         Cavabların təxminən 20%-də isə dəqiqlik problemləri, o cümlədən köhnəlmiş məlumatların təqdim edilməsi halları qeydə alınıb. Reuters Institute tərəfindən hazırlanmış Digital News Report 2025 hesabatına görə, onlayn xəbər istehlakçılarının təxminən 7%-i və 25 yaşdan aşağı insanların 15%-i xəbərləri almaq üçün süni intellekt köməkçilərindən istifadə edir. Avropa Yayım Birliyi bəyan edib ki, süni intellekt köməkçilərinin getdikcə ənənəvi xəbər axtarış sistemlərini əvəz etməsi cəmiyyətin onlara olan etimadını zəiflədə bilər. Bu səbəbdən tədqiqatçılar süni intellekt sahəsində fəaliyyət göstərən şirkətləri xəbər sorğuları ilə işləyən köməkçilərinin keyfiyyətini artırmağa çağırıblar.
    Paylaş