Logo
    main-post-cover

    Süni intellekt sosial media kontentləri sayəsində deqradasiyaya uğrayır

         Süni intellektin böyük dil modelləri, sosial şəbəkələrdən gələn məşhur, lakin aşağı keyfiyyətli məzmunun kütləvi təsirinə məruz qaldıqdan sonra deqradasiya əlamətləri göstərib - bu hal sosial şəbəkə X və ya TikTok-da çox vaxt keçirən bir insanda yaranan vəziyyətə bənzəyir. ABŞ alimlərinin apardıqları tədqiqatın nəticələrinə əsasən belə qənaətə gəlinib. “Biz elə bir dövrdə yaşayırıq ki, informasiya həcmi diqqətin imkanlarından daha sürətlə artır və bu məlumatların böyük hissəsi həqiqəti və ya dərin məzmunu çatdırmaqdan çox klik toplamağa yönəlib. Biz düşündük: bəs əgər belə məlumatlarla süni intellekti öyrətsək nə baş verər?” - deyə tədqiqat iştirakçılarından biri Junyuan Hong bildirib.
         Bu fikri yoxlamaq üçün alimlər iki açıq model - Meta LlamaAlibaba Qwen - seçərək onları sıfırdan xüsusi növ materiallarla təlim etdiriblər. Bu materiallara sosial şəbəkələrdə geniş yayılan “cəlbedici” paylaşımlar, eləcə də “Vau!”, “Bax gör!”, “Yalnız bu gün!” kimi ifadələrlə müşayiət olunan sensasiyalı və ya reklam xarakterli postlar daxil edilib. Bu materiallarla modelləri öyrətdikdən sonra tədqiqatçılar sosial şəbəkələrdən gələn bu cür “zibil” məzmun pəhrizinin süni intellektə təsirini qiymətləndirmək üçün testlər aparıblar. Belə təsirə məruz qalan modellər deqradasiya əlamətləri göstərib: intellektual qabiliyyətlərin, məntiqi düşünmə bacarığının və yaddaşın zəifləməsi müşahidə olunub.
         Onlarda etik hissin azaldığı və psixopatiya əlamətlərinin göründüyü qeyd edilib. İnsanlarla aparılan oxşar tədqiqatlar da bənzər nəticələr verib. Alimlərin fikrincə, bu layihə süni intellekt sahəsi üçün vacibdir: model hazırlayanlar sosial şəbəkə paylaşımlarını təlim üçün uyğun mənbə kimi qəbul edə bilərlər. Lakin belə materialların təlim verilən məlumat bazalarına daxil edilməsi, zahirən məlumatın miqyasının artırılması kimi görünsə də, əslində modellərin məntiqi düşünmə qabiliyyətini, etik dəyərləri qiymətləndirmə səviyyəsini və uzunmüddətli kontekstə diqqətini gizlicə zəiflədir. Daha da ironik odur ki, bu gün sosial şəbəkələrdə istifadəçini cəlb etmək üçün yaradılan məzmunun böyük bir hissəsi artıq süni intellekt tərəfindən generasiya olunur.
    Paylaş