Süni intellektlə yazılan qanun layihələri ABŞ Konqresində problem yaradıb
Süni İntellekt
18.08.2026
Sevinj
ABŞ Konqresində əməkdaşların qanun layihələrinin hazırlanması üçün ChatGPT və Claude kimi süni intellekt alətlərindən istifadəsi yeni problemlərə səbəb olub. Politico-nun məlumatına görə, süni intellekt tərəfindən hazırlanan qanun layihələrində çoxsaylı hüquqi və texniki səhvlər aşkarlanır. ABŞ Nümayəndələr Palatasının Qanunvericilik Məsləhətçisi Ofisinin (Office of Legislative Counsel — OLC) hüquqşünasları son dövrlərdə süni intellektlə hazırlanmış daha çox qanun layihəsi ilə qarşılaşırlar. Bu sənədlərdə yanlış hüquqi terminlərə, mövcud qanunlara səhv istinadlara və qanunun mənasını dəyişə biləcək digər xətalara rast gəlinir.
Mənbələrin sözlərinə görə, bəzi hallarda hüquqşünaslar süni intellektin hazırladığı sənədi yoxlayıb yenidən yazmağa qanun layihəsini sıfırdan hazırlamaqdan daha çox vaxt sərf edirlər. Problemin əsas səbəblərindən biri ümumi təyinatlı süni intellekt modellərinin qanunvericilikdəki kiçik, lakin mühüm hüquqi fərqləri nəzərə almamasıdır. Məsələn, OLC-yə təxminən 10 il rəhbərlik etmiş Wade Ballou bildirir ki, süni intellekt müəyyən maliyyə dəstəyinin “vergi krediti”, “vergi güzəşti”, “vergi istisnası” və ya “qrant” kimi təsnif edilməli olduğunu düzgün müəyyənləşdirməyə bilər.
Hətta “ştat” anlayışının yanlış izah edilməsi belə ciddi nəticələr yarada bilər. Süni intellekt bunu yalnız ABŞ-nin 50 ştatı kimi qəbul edərsə, Vaşinqton D.C. və qəbilə əraziləri müəyyən federal proqramlardan kənarda qala bilər. Digər problem süni intellektin mövcud qanunlara və hüquqi sənədlərə yanlış istinadlar yaratmasıdır. Belə səhvlər qanun layihəsinin necə şərh və tətbiq olunmasına birbaşa təsir göstərə bilər. Süni intellektdən istifadənin başqa bir mənfi tərəfi isə Konqres əməkdaşlarının hazırladıqları qanun layihələrinin mövzusuna əvvəlki qədər dərindən yiyələnməməsidir. Əvvəllər layihənin hazırlanması üçün mövzunu ətraflı araşdırmaq lazım gəlirdisə, hazırda bəzi əməkdaşlar ilkin mətni birbaşa süni intellektə hazırlatdırırlar.
Maraqlıdır ki, süni intellektin yaratdığı əlavə iş yükünün öhdəsindən gəlmək üçün OLC özü də süni intellektdən istifadə etməyə başlayıb. Ofisin işçi qrupu “Comparative Print Suite” adlı xüsusi alət hazırlayıb. Sistem təklif olunan qanun layihəsinin mövcud qanunvericiliyə hansı dəyişiklikləri edəcəyini vizual şəkildə göstərməyə kömək edir.
Paylaş