
Süni zəka 97%-lik dəqiqliklə ağciyər xəstəliklərini təyin etməyi öyrənib
Süni İntellekt
27.01.2025
Emil
Süni zəka artıq aktiv şəkildə tibb sahəsində istifadə edilir. Mütəxəssislər onun vasitəsilə müxtəlif yeni dərman preparatlarını hazırlamağa və müxtəlif xəstəliklərin müalicə üsullarını təyin etməyə çalışırlar. Məlum olub ki, süni zəka ultrasəs videoları sayəsində ağciyər xəstəliklərini 97%-lik dəqiqliklə təyin etməyi öyrənib. Süni zəka ağciyər iltihabı və koronavirus kimi xəstəlikləri dəqiq şəkildə təyin etməklə yanaşı üstəlik müxtəlif mümkün diaqnozları da nəzərə alaraq diaqnostika dəqiqliyini yüksəldir.
Çarlz Darvin Universitetinin əməkdaşları tərəfindən yaradılmış süni zəka modeli daha öncəki süni zəka sistemlərinin nəticələrini yaxşılaşdıra bilib. O, təsvirlərdəki ən xırda dəyişikliklərin analizləri və məlumatların uzunmüddətli analizləri üçün neyron şəbəkələrin kombinasiyasından istifadə edir. Mütəxəssislər xəstəliklərin diaqnostikası üçün iki növ süni zəka modelindən istifadə ediblər. İlk növbədə neyron şəbəkəsi təsviri analiz edərək insan gözündən yayına biləcək ən xırda dəyişiklikləri təyin edir.

Daha sonra uzunmüddətli və qısamüddətli yaddaş modeli məlumatları emal edərək onlar arasında müqayisə aparır. Yeni süni zəka modeli TD-CNNLSTM-LungNet adlanır. O, ağciyərlərdəki dəyişikliklərin ağciyər iltihabı, koronavirus və ya digər növ xəstəliklə əlaqəli olub-olmadıqlarını təyin edir. Aparılmış təcrübələr çərçivəsində sözügedən süni zəka modeli 96.51%-lik dəqiqlik sərgiləyib. Gələcəkdə o, vərəm, xərçəng, bronxial astma və hətta xroniki ağciyər xəstəliklərini də təyin edə biləcək.
Paylaş
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
