
Süni zəka botları Wikipedia üçün ciddi problemlər yaradırlar
Süni İntellekt
03.04.2025
Emil
Wikipedia süni zəkanın sürətli inkişafı səbəbindən zərər görür - onlayn ensiklopediya, süni zəka modellərinin öyrədilməsində onun məqalələrini kopyalayan botlar səbəbilə artan xərclərlə üzləşib. Bu, resursların boş yerə sərf olunmasına və saytın trafikinin, eyni zamanda yükünün dəfələrlə artmasına səbəb olur. Yalnız son 3 ay ərzində süni zəka botları tərəfindən yaradılmış trafik 50% artıb. Wikimedia Fondu (Wikipedia-nı idarə edən qeyri-kommersiya təşkilatı) bildirib ki, “kontentimizə avtomatlaşdırılmış sorğular həndəsi silsilə ilə artır”. Fondun məlumatına görə, 2024-cü ilin yanvar ayından etibarən multimedia məzmununun yüklənməsi üçün istifadə olunan ötürmə qabiliyyəti 50% artıb.

Lakin bu trafik real insanlardan deyil, daima açıq lisenziyalı şəkilləri yükləyib onları süni zəka modellərinə ötürən avtomatlaşdırılmış proqramlardan gəlir. “İnfrastrukturumuz yüksək maraq doğuran hadisələr zamanı insanların yaratdıqları qəfil trafik artımına tab gətirmək üçün qurulub, lakin botların yaratdıqları trafik həcmi misilsizdir və artan risklər və xərclərlə nəticələnir” - deyə Wikipedia bəyan edib. Botlar tez-tez Wikipedia-da az tanınan və daha az oxunan məqalələrdən məlumat toplayırlar. Wikipedia mütəxəssisləri bildirirlər ki, bu cür trafikin azı 65%-i botlardan gəlir, halbuki səhifələrin ümumi baxışlarının təxminən 35%-i botlara aiddir - bu isə qeyri-proporsional dərəcədə yüksək göstəricidir.
Bundan əlavə, botlar Wikipedia-nın kod yoxlama platforması və səhv izləmə sistemləri kimi “proqramçı infrastrukturlarındakı əsas sistemlərə” də maraq göstərirlər ki, bu da saytın resurslarına əlavə yük yaradır. Wikipedia bəzi süni zəka botları üçün fərdi sürət məhdudiyyətləri tətbiq etməyə və ya onlara ümumiyyətlə giriş qadağası qoymağa məcbur qalıb. Lakin problemin uzunmüddətli həlli üçün fond “İnfrastrukturdan Məsuliyyətli İstifadə” adlı plan hazırlayır.

Bu plan çərçivəsində Wikipedia icmasından süni zəka botlarının yaratdıqları trafiki müəyyən etməyin və onlara girişi filtrasiya etməyin yolları barədə rəy toplanması nəzərdə tutulur. Sosial platforma Reddit də 2023-cü ildə oxşar problemlə üzləşmişdi. Məsələn, Microsoft Reddit-i xəbərdar etmədən onun məlumatlarını süni zəka modellərinin öyrədilməsi üçün istifadə etmişdi. Bu isə Reddit-i Microsoft botlarını bloklamağa məcbur etmişdi. Həmin hadisədən sonra Reddit öz API-na çıxış üçün üçüncü tərəf tərtibatçılardan ödəniş almağa qərar verdi. Bu qərar kütləvi şəkildə tərtibatçı etirazlarına və bir sıra məşhur Reddit forumlarının bağlanmasına səbəb oldu.
Mənbə: PCmag
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
