
Süni zəka elektrik enerjisinin qeyri-sabit istifadəsinə səbəb olur
Süni İntellekt
07.07.2025
Emil
Dünyanın ən böyük transformator istehsalçısı olan Hitachi Energy şirkəti hökumətləri texnologiya şirkətlərinin süni zəkanın öyrədilməsi zamanı sərf etdiyi enerjinin kəskin dalğalanmalarını məhdudlaşdırmaq üçün tədbirlər görməyə çağırıb. Bu, şəbəkə infrastrukturunun sabitliyini təmin etmək üçün vacib sayılır. Hitachi Energy-nin rəhbəri Andreas Schierenbeck bildirib ki, heç bir başqa sahəyə süni zəka sektoru qədər qeyri-sabit enerji istifadəsinə icazə verilmir. Şirkətin fikrincə, yaxınlıqdakı məlumat mərkəzlərində (Məlumat Emalı Mərkəzi - MEM) baş verən enerji sərfiyyatı sıçrayışları barədə kommunal xidmətləri əvvəlcədən xəbərdar edəcək mexanizmlər hazırlanmalıdır. Onun sözlərinə görə, süni zəka modellərinin öyrədilməsi zamanı MEM-larda baş verən enerji tələbatının kəskin artımı, bərpa olunan enerjinin dəyişkənliyi ilə birlikdə, sabitliyin üzərində sabitsizlik yaradaraq enerji sisteminin normal fəaliyyətini təmin etməyi çətinləşdirir.

“O süni zəka məlumat emalı mərkəzləri, ofis məlumat mərkəzlərindən çox-çox fərqlənirlər, çünki onlar həqiqətən də güclü sıçrayışlara məruz qalırlar. Əgər süni zəka alqoritminizi öyrətmək üçün işə salsanız və ona emal üçün məlumat versəniz, bir neçə saniyə ərzində maksimum gücə çatacaq və adi haldan 10 dəfə artıq enerji sərf edəcək” - deyə o, izah edib. Əvvəllər Almaniyanın enerji qrupu Uniper-in rəhbəri olmuş Andreas Schierenbeck, süni zəka alqoritmlərinin yaratdıqları tələbatın böyük yüksəliş və eniş dalğaları ilə bağlı narahatlıq ifadə edən ilk şəxslərdən biri olub. Beynəlxalq Enerji Agentliyi proqnozlaşdırır ki, məlumat mərkəzlərinin elektrik enerjisi istehlakı 2030-cu ilə qədər 2 dəfə artaraq 945 teravat-saat olacaq. Bu, Yaponiyanın ümumi enerji sərfiyyatından daha çoxdur.

İrlandiya və Niderland artıq məlumat mərkəzlərinin elektrik şəbəkəsinə təsiri ilə bağlı narahatlıqlar səbəbindən yeni MEM-lərin tikintisini məhdudlaşdırıblar. İsveçin konsaltinq şirkəti olan Rystad Energy-nin analitikləri hesab edirlər ki, əgər texnologiya şirkətləri məlumat emalı üçün maksimum güc sərhədi müəyyən etsələr və süni zəka modellərinin öyrədilməsini bərpa olunan enerji mənbələrinin maksimum enerji istehsal etdiyi dövrlərdə həyata keçirsələr, süni zəkanın elektrik enerjisinə olan tələbatı elektrik şəbəkələrinin sabitləşdirilməsinə kömək edə bilər. Hitachi Energy, həmçinin, elektrik şəbəkəsində gərginliyin tənzimlənməsinə kömək edən əsas komponentlərdən biri olan güc transformatorlarının qlobal çatışmazlığı barədə də məlumat verib.

Son 3 ildə şirkətin sifariş portfeli 14 milyard dollardan 43 milyard dollara qədər artıb. Bu çatışmazlığın aradan qaldırılması üçün azı 3 il vaxt tələb oluna bilər. Əsas amillərdən biri yüzlərlə ton ağırlığında transformatorların istehsalı üçün lazım olan möhkəmləndirilmiş döşəmələri inşa edə biləcək ixtisaslaşmış podratçıların çatışmazlığıdır. Bu, istehsalın sürətli genişləndirilməsi üçün məhdudlaşdırıcı amilə çevrilib. Hitachi Energy 2027-ci ilə qədər kommunal xidmət və şəbəkə infrastrukturu təminatçılarından gələn sifarişləri yerinə yetirmək məqsədilə istehsal gücünü artırmaq istiqamətində 6 milyard dollar investisiya qoymağı və əlavə 15 000 işçi cəlb etməyi planlaşdırır.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
