Logo
    main-post-cover

    Süni zəka ilkin səviyyəli vəzifələrin yarısını aradan qaldıracaq

    Süni İntellekt
    02.06.2025
    Emil
         Süni zəka yaxın 5 ildə ilkin ofis vakansiyalarının 50%-ə qədərinin yox olmasına səbəb ola bilər. Bu barədə Anthropic şirkətinin rəhbəri Dario Amodei xəbərdarlıq edib. O, Axios-a verdiyi müsahibədə bildirib ki, işsizlik səviyyəsi 10-20%-ə qədər arta bilər, lakin həm şirkətlər, həm də hökumətlər qarşıdakı dəyişikliklərin miqyasını hələ də yetərincə dəyərləndirmirlər. Onun sözlərini aparılan araşdırmaların nəticələri də təsdiqləyir. Süni zəka artıq əvvəllər universitet məzunları, təcrübəçilər və aşağı vəzifəli mütəxəssislər tərəfindən yerinə yetirilən vəzifələrin öhdəsindən gəlir. Bu da ilkin iş yerlərinə olan tələbatın azalmasının əsas səbəblərindən biridir. Amodei vurğulayıb ki, böyük dil modelləri sürətlə inkişaf edir və artıq insanla müqayisə edilə bilər, bəzi hallarda isə onu üstələyir.
         Onun sözlərinə görə, ABŞ hökuməti bu məsələ ilə bağlı hələlik açıq mövqe bildirməyib. Bəlkə də əhali arasında panikanın qarşısını almaq və ya süni zəkanın inkişafında Çindən geri qalmaq qorxusu səbəbindən. Şirkət rəhbərləri süni zəka sayəsində artıq iqtisadi qənaəti müşahidə edirlər, halbuki əməkdaşların əksəriyyəti baş verən dəyişiklikləri hələ də hiss etmir. Anthropic şirkətinin rəhbəri əlavə edib ki, süni zəka sahəsində fəaliyyət göstərən şirkətlər və hökumət artıq iş yerlərinin kütləvi şəkildə itirilməsi riskini yumşaltmağa çalışmaqdan əl çəkməlidirlər. Xüsusilə də texnologiya, maliyyə, hüquq və konsaltinq kimi sahələrdə. Onun fikrincə, ən böyük təhdid altında olanlar məhz ilkin (başlanğıc səviyyəli) vəzifələrdir.
         SignalFire adlı vençur şirkətinin məlumatına görə, böyük İT şirkətləri tərəfindən yeni məzunların işə qəbulu pandemiyadan əvvəlki dövrlə müqayisədə 50% azalıb. Bu azalma isə qismən süni zəkanın tətbiqi ilə izah olunur. 2023-cü ildə texnologiya sektorunda baş verən kütləvi ixtisarlardan sonra, 2024-cü ildə orta və yüksək səviyyəli mütəxəssislərin işə qəbulunda artım müşahidə olunur. Lakin yeni başlayan əməkdaşlar üçün vakansiyaların sayı hələ də əvvəlki səviyyəyə qayıtmayıb. Nəticədə, böyük İT şirkətlərində işə qəbul olunanlar arasında iş təcrübəsi olmayan namizədlərin payı azalıb. Təşkilatlar görünür ki, daha təcrübəli peşəkarları işə götürməyə üstünlük verirlər və bəzən başlanğıc vəzifələri belə çoxillik təcrübəyə malik şəxslərlə doldururlar.
         Rekruterlərin sözlərinə görə, süni zəka artıq əvvəllər təcrübəçilər və yeni məzunlar tərəfindən yerinə yetirilən işləri öz üzərinə götürür. Yeni başlayan mütəxəssislər üçün imkanların azalması təkcə süni zəkanın inkişafı ilə bağlı deyil. Hesabata əsasən, Z nəslinə qarşı mənfi yanaşma və ümumilikdə İT sənayesindəki büdcə ixtisarları da şirkətlərin məzunları işə götürmək istəməməsinə təsir göstərir. Süni zəka aşağı ixtisas tələb edən tapşırıqları öz üzərinə götürür və bu da universitetlərdən, təhsil proqramlarından və namizədlərin özlərindən daha sürətli şəkildə ixtisasartırma tələb edir. Uyğunlaşmaq üçün yeni başlayanlara tövsiyə olunur ki, süni zəkanı köməkçi kimi qəbul etsinlər və şəxsi bacarıqlarını inkişaf etdirsinlər.
         Anthropic şirkətinin rəhbəri daha əvvəl də süni zəkanın yaratdığı risklər barədə danışıb. Məsələn, o, bu ilin fevral ayında bildirmişdi ki, sui-istifadə hallarında süni zəka milyonlarla insanın həyatını təhlükə altına qoya bilər. Onun fikrincə, bu cür risklər artıq 2025 və ya 2026-cı ildə yarana bilər. Anthropic şirkəti öz texnologiyalarının təhlükəsizliyinin müstəqil şəkildə yoxlanılmasını vacib hesab edir və daxili testlər zamanı aşkar etdiyi risklər barədə mütəmadi olaraq məlumat verir. Axios ilə söhbətində Amodei vəziyyətin ironiyasına diqqət çəkib. O, süni zəkanın riskləri barədə xəbərdarlıq edir, amma eyni zamanda onun şirkəti məhz bu texnologiyaları yaradır və satır. Buna baxmayaraq, o hesab edir ki, süni zəkanın inkişafı ilə birbaşa məşğul olanlar bu sahənin hansı istiqamətə getdiyi barədə açıq şəkildə danışmağa borcludurlar.
    Paylaş