Logo
    main-post-cover

    Süni zəka selfi fotosu vasitəsilə xərçəng xəstəliyini təyin etməyi öyrənib

    Süni İntellekt
    12.05.2025
    Emil
         Machine learning xəstəliklərin diaqnostikasında inqilabi dəyişiklik vəd edir, çünki bir çox xəstəliklər yalnız gec mərhələdə aşkarlanır, bu zaman müalicə çətinləşir və bəzən mümkünsüz olur. Əsasən onkoloji xəstəliklərdən söhbət gedir. Bu xəstəliklər adətən təsadüfən aşkarlanır və həmin anda müalicənin təsiri artıq azalmış olur. Xəstəliyin gedişatını və terapiyanın təsirini öncədən proqnozlaşdırmaq da çətindir - ideal halda bu funksiyanı süni zəka yerinə yetirə bilər. Massaçusets ştatının Boston şəhərində yerləşən Brigham and Women’s Hospital adlı tibb şəbəkəsinin bir xəstəxanasında onkoloji xəstəliklərin kifayət qədər sadə şəkildə diaqnostikasını təmin edən alqoritm hazırlanıb. Bu metodika pasientlər üzərində sınaqdan keçirilib və digər tibb müəssisələrində də test olunmaq üçün tövsiyə olunub.
         Hazırda kütləvi klinik tətbiqdən söhbət getmir. Yeni dərmanlar kimi, diaqnostika metodları və müalicə protokolları da hərtərəfli yoxlanmalı və tənzimləyici qurum tərəfindən sertifikatlaşdırılmalıdır. Metodikanın ideyası yaxşı tanınan bir prinsipə əsaslanır: İnsan əgər sağlamdırsa, öz yaşında və ya ondan da gənc görünür. Süni zəka fotoşəkil vasitəsilə insanın neçə yaşında göründüyünü müəyyən edə və bunu onun xronoloji yaşı və tibbi vəziyyəti ilə müqayisə edə bilər. 58 851 ehtimal olunan sağlam insanın fotosu üzərində süni zəkanın öyrədilməsindən sonra, FaceAge adlı model iki onkoloji mərkəzdən 6196 xərçəng xəstəsi üzərində test edilib. Bunun üçün adətən şüa terapiyasının başlanğıcında çəkilmiş şəkillərdən istifadə olunub.
         Nəticələr göstərib ki, onkoloji xəstələr eyni yaşda olan sağlam insanlarla müqayisədə əhəmiyyətli dərəcədə daha yaşlı görünürlər. FaceAge modeli vasitəsilə aparılan yaş qiymətləndirməsi, orta hesabla, xronoloji yaşdan təxminən 5 il daha çox nəticə verir: Yəni pasientlər real yaşlarından daha yaşlı görünürlər. Bu göstəricilər arasındakı fərq nə qədər çox olarsa, pasientin qısamüddətli sağ qalma ehtimalı da bir o qədər aşağı olur. Həkimlər bu cür əlaqəni əvvəllər də müşahidə etmişdilər, lakin proqram subyektiv dəyərləndirmədən asılı olmayan daha dəqiq proqnozlar təqdim edir. Təklif olunan metodika həmçinin terapiyanın effektivliyini keyfiyyətcə qiymətləndirməyə imkan verir ki, bu da müalicə kursunun hələ tamamlanmamış koreksiyasına şərait yaradır. Üstəlik, bu metod digər xəstəliklərin diaqnostikası üçün də istifadə oluna bilər.
         “Biz süni zəkadan insanın üz şəkilləri əsasında bioloji yaşını qiymətləndirmək üçün istifadə edə bilərik və tədqiqatımız göstərir ki, bu informasiya klinik baxımdan əhəmiyyət daşıya bilər” - deyə tədqiqatın həmmüəllifi, Massaçusets Brigham Ümumi Xəstəxanasının Tibbdə Süni Zəka” (AIM) proqramının direktoru Hugo Aerts bildirib. “Bu iş göstərir ki, sadə bir foto - məsələn, selfi - mühüm məlumat daşıyır və bu məlumat həkimlərə və pasientlərə klinik qərarların qəbulunda və müalicə planlarının hazırlanmasında kömək edə bilər. Bir insanın xronoloji yaşı ilə görünüşü arasındakı fərq həqiqətən önəmlidir: FaceAge göstəricisi xronoloji yaşdan aşağı olan şəxslər xərçəng müalicəsini daha yaxşı keçirirlər”.
    Mənbə: Eurekalert
    Paylaş