
Süni zəka sementin 19 ekoloji təmiz əvəzləyicisini təyin edib
Süni İntellekt
04.06.2025
Emil
Massaçusets Texnologiya İnstitutunun (MIT) tədqiqat qrupu sementin əvəzinə istifadə oluna biləcək ekoloji cəhətdən təmiz materialların tapılmasına kömək edən süni zəka əsaslı machine learning alqoritmi təqdim edib. MIT-in Olivetti Group tədqiqat qrupu və Davamlı Beton İnkişafı Mərkəzi tərəfindən hazırlanmış bu alqoritm müxtəlif parametrləri təhlil edərək sementin əvəzedicilərini müəyyən etməyə imkan verir. Bu məqsədlə süni zəka artıq 1 milyon nümunəni analiz edib və nəticədə sementi əvəz edə biləcək 19 material aşkar edib. Məlumata görə, MIT tədqiqat komandası Soroush Mahjoubi-nin rəhbərliyi ilə Nature’s Communications Materials jurnalında öz həll yollarını ətraflı izah edən bir məqalə dərc edib. Məqalədə xüsusilə vurğulanır ki, tədqiqat qrupu beton tərkibində sementin miqdarını azaltmaq üçün alternativ materiallar axtarıb ki, bu da həm xərclərə, həm də tullantıların həcminə qənaət etməyə imkan verir.

Dayanıqlı inkişaf hədəflərinə çatmaq istəyən bir çox şirkət də betondakı sementi əvəz edəcək alternativlər axtarır. Bu məqsədlə adətən şlak kimi materiallardan istifadə olunur. Lakin bu materiallara yüksək tələbat onların alternativlərinin sayını artırmaq ehtiyacını doğurub. Buna görə də MIT tədqiqatçılarının qarşısında duran vəzifə təkcə uyğun materialı tapmaqdan ibarət deyildi. Həm də çoxsaylı potensial variantlar içindən ən uyğun və əlverişli olanını seçmək zərurəti yaranmışdı. “Anladıq ki, süni zəka irəliləmənin açarıdır” - deyə Soroush Mahjoubi bildirib.
“Potensial materiallarla bağlı mövcud olan məlumatlar inanılmaz dərəcədə çoxdur - 100 minlərlə səhifəlik elmi ədəbiyyat var. Onların çeşidlənməsi üçün bir neçə insan ömrü yetməzdi. Süni zəka ilə işləyən bu həll müxtəlif alternativ materialları nəzərdən keçirə, onların fiziki və kimyəvi xüsusiyyətlərinə əsaslanaraq qiymətləndirə və ən yaxşı işləyə biləcək variantı seçə bilər. O, ilk növbədə, hidravlik reaktivliyi qiymətləndirir. Betonun möhkəmliyinin səbəbi odur ki, sement onu birləşdirən ‘yapışqan’dır və su ilə təmasda bərkiyir. Buna görə də əgər biz bu yapışqanı əvəz edəcəyiksə, əvəzləyicinin də oxşar şəkildə reaksiya verdiyindən əmin olmalıyıq” - deyə Mahjoubi izah edib.

“İkincisi isə putsolan aktivliyidir. Bu o zaman baş verir ki, material sementin su ilə reaksiyası nəticəsində əmələ gələn kalsium hidroksidlə qarşılıqlı təsirə girir və bu, zamanla betonun daha bərk və davamlı olmasına səbəb olur. Biz qarışıqda hidravlik və putsolan materialların balansını tapmalı idik ki, beton maksimal dərəcədə effektiv işləsin”. İnnovativ həllini şərh edən Mahjoubi və onun komandası müəyyən edib ki, bəzi materiallar dünya miqyasında daha əlçatandır və onları sadəcə üyüdərək beton qarışıqlarına əlavə etmək mümkündür. Bu isə o deməkdir ki, əlavə emala ehtiyac olmadan həm xərcləri, həm də zərərli tullantıların həcmini azaltmaq olar.

“Sementin bir hissəsini əvəz edə biləcək ən maraqlı materiallardan biri keramika ola bilər. Köhnə plitələr, kərpiclər, keramika - bu materialların hamısı yüksək reaksiya qabiliyyətinə malik ola bilər. Biz bu effekti qədim Roma betonunda da müşahidə etmişik. Orada keramika əlavə olunurdu ki, tikililərin suya davamlılığı artsın” - deyə Mahjoubi bildirib. MIT tədqiqat qrupu gələcək planlarından danışarkən qeyd edib ki, süni zəka əsaslı machine learning alqoritmini yeniləməyi və daha çox materialı qiymətləndirə biləcək səviyyəyə çatdırmağı planlaşdırır. “Beton memarlıq mühitinin əsasını təşkil edir. Elmi məlumatları və süni zəka alətlərini materialların layihələndirilməsində tətbiq etməklə, biz sənayenin daha ekoloji tikililər yaratmaq səylərini dəstəkləməyə ümid edirik - dayanıqlılıq, təhlükəsizlik və uzunömürlülükdən imtina etmədən” - deyə tədqiqatın həmmüəllifi Randolph Kirchain bildirib.
Paylaş
Ən çox oxunanlar

Starship-in gələn il Marsa göndərilməsi ehtimalı 50% təşkil edir
