
Süni zəka tarixdəki bütün texnologiyalardan daha sürətlə inkişaf edir
Süni İntellekt
05.06.2025
Emil
Süni zəkanın tətbiqi bəşər tarixindəki bütün əvvəlki texnoloji inqilablardan fərqlənir. Vençur investoru Mary Meeker 340 slayddan ibarət hesabat yayımlayıb və bu hesabatda “misilsiz” sözü 51 səhifədə yer alır. Hesabatda süni zəkanın necə sürətlə inkişaf etdiyi, tətbiq olunduğu, maliyyələşdirildiyi və istifadə edildiyi ətraflı şəkildə təqdim olunub. Bu proseslər çoxsaylı qrafik və diaqramlarla dəstəklənib. Məsələn, ChatGPT cəmi 17 ay ərzində 800 milyon istifadəçiyə çatıb. Bu qədər qısa müddətdə belə auditoriyaya çatan heç bir texnologiya olmayıb. Mary Meeker, Bond vençur şirkətinin təsisçisi və baş tərəfdaşıdır. O, bir zamanlar məşhur illik Internet Trends hesabatlarına görə “İnternetin kraliçası” adlandırılırdı.

2010-2019-cu illər arasında o, Kleiner Perkins şirkətində inkişaf sahəsinə rəhbərlik edib və Facebook, Spotify, Ring və Block (əvvəlki adı Square) kimi şirkətləri dəstəkləyib. Meeker 2019-cu ildən bəri belə hesabatlar yaymırdı, lakin indi geri dönərək süni zəkanın yayılmasının tarixdəki bütün texnologiyaları geridə qoyduğunu göstərmək qərarına gəlib. ChatGPT cəmi 17 ay ərzində 800 milyon istifadəçiyə çatıb. Bu, misilsiz göstəricidir. İllik sabit gəlir üzrə yüksək nəticələrə çatan şirkətlərin sayı və bunun başvermə sürəti də eyni dərəcədə misilsizdir. Süni zəkanın istifadəsi üzrə xərclərin azalması sürəti də bütün rekordları qırır. Bir modeli öyrətmək üçün xərclər 1 milyard dollara çatsa da, texnologiyanın istifadəsi - yəni inferens dəyəri - son 2 ildə artıq 99% azalıb (əgər hesablamalar 1 milyon token üçün götürülərsə).

Rəqiblər də funksionallıq baxımından bir-birlərini inanılmaz sürətlə yaxalayırlar və daha əlçatan həllər təklif edirlər. Məsələn, açıq mənbə kodlu modellər. Bu xüsusilə Çin modellərinə aiddir. Süni zəka sahəsində texnoloji inkişaf təkcə istifadəyə dair xərclərin azalması hesabına deyil, həm də aparat təminatındakı innovasiyalar sayəsində sürətlənir. Belə ki, 2024-cü il istehsalı olan NVIDIA Blackwell qrafik prosessoru, 2014-cü ilin Kepler prosessoru ilə müqayisədə bir token üçün 105 000 dəfə az enerji sərf edir. Bu arada Google öz çiplərini hazırlayır, Amazon isə bulud xidmətləri üçün Trainium adlı çip üzərində işləyir. Bu proses də son dərəcə sürətli irəliləyir. Meeker yazır ki, bunlar ikincidərəcəli layihələr deyil, əsaslı investisiyalardır.

Süni zəkanın inkişafının digər texnoloji inqilablarla müqayisədə hələ geridə qaldığı yeganə sahə - maliyyə geri dönüşüdür. Vençur kapitalistləri süni zəkaya maksimal dərəcədə fəal şəkildə investisiyalar yatırsalar da, süni zəka şirkətləri və bulud xidmətləri təminatçıları vəsaitləri çox sürətlə xərcləyirlər. Süni zəkanın inkişafı infrastrukturda genişmiqyaslı investisiyalar tələb edir. Mary Meeker qeyd edir ki, bu vəziyyət adi istifadəçilər üçün sərfəlidir, çünki onlar yeniliklərə tez çıxış əldə edirlər və rəqabət qiymətlərin aşağı düşməsinə səbəb olur. Lakin yalnız zaman göstərəcək ki, süni zəka sahəsindəki şirkətlər maliyyə baxımından nə dərəcədə uğurlu olacaqlar.
Mənbə: Techcrunch
Paylaş
Ən çox oxunanlar

Huawei Pura 80 smartfon seriyasının təqdimatı anons edilib
