Logo
    main-post-cover

    Süni zəka tərəfindən tərtib olunmuş musiqilər sürətlə məşhurlaşır

    Süni İntellekt
    17.07.2025
    Emil
         Psixodelik rok janrında fəaliyyət göstərən The Velvet Sundown qrupu musiqi platforması Spotify-da aylıq 1 milyondan çox dinləyici toplayıb. Qrup streaming vasitəsilə minlərlə dollar qazanc əldə edir və musiqi sənayesini ciddi suallar qarşısında qoyur. Söhbət sadəcə 70-ci illərin dəbinin qayıdışından getmir. Bu layihə generativ süni zəkanın məhsuludur. Hazırda Spotify-da The Velvet Sundown-un təsvirində qeyd olunur ki, bu, “insanın yaradıcı nəzarəti altında yaradılmış sintetik musiqi layihəsidir: bəstələmə, səsləndirmə və vizuallaşdırma süni zəkanın dəstəyi ilə həyata keçirilib”. Musiqi sənayesi süni zəkanın gəlişini kəskin reaksiya ilə qarşılayıb və ekspertlər bu layihənin musiqisini “ruh­suz”, “boğucu” və “dəhşət saçan” kimi xarakterizə edirlər. Musiqinin generasiyası problemi getdikcə daha asan həll olunur: süni zəka ixtisaslaşmış proqram təminatına inteqrasiya olunur, Suno Udio kimi xidmətlər isə sadəcə mətn sorğusu əsasında tam musiqi kompozisiyaları yaratmağa imkan verir.
         The Velvet Sundown isə şəbəkədə yaranan süni zəka tərəfindən yaradılmış yeganə musiqi layihəsi deyil. Spotify-da gothic country janrında fəaliyyət göstərən Aventhis adlı ifaçı da var - onun aylıq 600 000-dən çox dinləyicisi var və kompozisiyalarında səslənən bütün səslər və alətlər tamamilə süni zəka tərəfindən generasiya olunub. Fransız musiqi streaming xidməti Deezer isə yanvar ayında süni zəka ilə yaradılmış musiqiləri tanıya bilən bir sistem tətbiq edib və aprel ayında bildirib ki, platformaya yüklənən musiqilərin təxminən 18%-i tamamilə süni zəka tərəfindən generasiya edilib. Süni zəkanın yaratdığı musiqinin keyfiyyəti və orijinallıq dərəcəsi tənqid olunur, lakin ekspertlər də etiraf edirlər ki, generativ süni zəka inkişaf etdikcə, adi dinləyicilər üçün insanla rəqəmsal sistemi ayırd etmək getdikcə çətinləşir.
         The Velvet Sundown nümunəsi xüsusilə diqqətəlayiqdir. Bu virtual kollektivin musiqisi daha əvvəl ortaya çıxmış süni zəka əsərləri ilə müqayisədə xeyli yüksək keyfiyyətə malikdir. Əvvəllər generativ sistemlər yalnız yadda qalan və təkrarlanan melodiyalarla məhdudlaşırdısa, indi isə artıq məna strukturu olan - bəndlər, nəqarətlər və keçid hissələri ilə tamamlanan - mahnılar yaradırlar. Vəziyyətin yalnız “aysberq in görünən hissəsi” olduğu bildirilir: Suno və Udio kimi süni zəka servisləri oxşar platformalar üçün “qızıl standart” müəyyən edərək istifadə üçün giriş baryerini demək olar ki, sıfıra endirib. İndi istənilən şəxs yüzlərlə kompozisiya yarada bilər. Hər iki platforma pulsuz istifadə imkanı və aylıq 30$-dan (hətta daha ucuz) başlayan premium abunə paketləri təklif edir. Süni zəka ilə mahnı yaratmaq tamamilə pulsuz ola və eyni zamanda gəlir gətirə bilər.
         Qiymətləndirmələrə görə, The Velvet Sundown təkcə son 30 gün ərzində bütün platformalarda 34 235$ qazanc əldə edib. Bu səbəbdən süni zəka ilə musiqi yaradanlar virallaşmaq ümidi ilə streaming xidmətlərini böyük həcmdə generasiya olunmuş kontentlə doldurmağa can atırlar. Bu artıq musiqi sənayesində ciddi ajiotaja səbəb olub. Minlərlə musiqiçi və yaradıcı ziyalı süni zəkanın təlimi üçün insan tərəfindən yaradılmış əsərlərin əvvəlcədən icazə alınmadan istifadə olunmasının qadağan edilməsinə çağırır. Sony Music, Universal Music Group Warner Records da daxil olmaqla aparıcı musiqi studiyaları Suno və Udio şirkətlərini kütləvi müəllif hüquqları pozuntularında ittiham edərək məhkəməyə verməyə çalışırlar. Lakin ekspertlərin fikrincə, generativ süni zəkanın musiqidə rolu artıq geriyə dönməzdir - ola bilər ki, formalaşmış biznes modellərini bir daha dəyişmək lazım gələcək.
         Musiqi sənayesi artıq bir neçə böyük texnoloji sarsıntı yaşamışdı: 1999-cu ildə Napster meydana çıxdı, 2000-ci illərdə isə streaming platformaları geniş şəkildə yayılmağa başladı. Lakin virtual qruplarla rəqabət perspektivi yeni başlayan musiqiçilərdə narahatlıq doğurur - onlara onsuz da onlayn musiqi ilə məşhurlaşmaq və qazanc əldə etmək asan deyil. Gənc ifaçıları musiqi mühitinin sərt reallıqlarına hazırlamaq üçün müəllimlər tədris planlarına getdikcə daha çox süni zəkanı daxil edirlər. Məqsəd, bu texnologiyaları musiqi yaradılması prosesində yaradıcılığı gücləndirmək üçün öyrətməkdir, lakin ənənəvi üsulları tam əvəz etmək üçün deyil.
         Məşhur musiqi prodüseri Timbaland süni zəkaya yönəlmiş Stage Zero adlı musiqi layihəsinə start verib. Bu layihədə virtual ulduz da iştirak edəcək. Bu cür təşəbbüslər bununla bitməyəcək. Ekspertlər xəbərdarlıq edirlər ki, ənənəvi musiqiçilər üçün internetdə qazanc əldə etmək getdikcə daha da çətinləşəcək. Problem yalnız musiqi sahəsi ilə məhdudlaşmır. Süni zəka tərəfindən yaradılmış kontent informasiya məkanında, o cümlədən sosial şəbəkələrdə getdikcə daha çox yer tutur və bu da insanların bir-biri ilə ünsiyyətini çətinləşdirir. İfaçılar tələb edirlər ki, süni zəka tərəfindən yaradılmış musiqi platformalarda müvafiq şəkildə işarələnsin, lakin Spotify hələlik bu çağırışlara reaksiya vermir.
    Mənbə: CNBC
    Paylaş