
Süni zəka vasitəsilə ümumilikdə nə qədər foto tərtib edilib?
Süni İntellekt
28.08.2023
Emil
Everypixel adlı servis 2022-ci ildən süni zəka tərəfindən tərtib edilmiş fotoların sayını müəyyənləşdirməyə qərar verib. Bəzi statistik məlumatları və faktları analiz edəndən sonra servisin mütəxəssisləri belə qənaətə gəliblər ki, bu müddət ərzində süni zəka tərəfindən 15 milyard foto tərtib edilib. İnsanların fərdi şəkildə bu qədər sayda foto çəkmələri üçün isə 150 il vaxt lazım olub. Belə ki, ilk foto 1826-cı ildə çəkilib və həmin ildən 1975-ci ilə kimi insanlar fərdi şəkildə bu qədər sayda foto çəkiblər. Keçən ilin aprel ayında OpenAI şirkəti DALL-E 2 adlı süni zəka sistemini istifadəyə verdiyi andan istifadəçilər gün ərzində bu sistem vasitəsilə təqribi olaraq 34 milyon ədəd foto tərtib edirlər.
İstifadəçi kütləsi baxımından ən sürətli şəkildə genişlənən sistem isə Photoshop-a inteqrasiya edilmiş Adobe Firefly sistemidir. Təkcə 3 ay ərzində bu sistem vasitəsilə 1 milyard foto tərtib edilib. Açıq statistikaya sahib ən məşhur mərkəzləşdirilmiş servis Midjourney-dir. Bu servis 15 milyon istifadəçi kütləsinə sahibdir. Müqayisə üçün qeyd etmək lazımdır ki, Adobe Creative Cloud platformasının ümumi istifadəçi kütləsi 30 milyon insan təşkil edir. Ən çox foto isə Stable Diffusion adlı neyron şəbəkəsi əsasında çalışan servis və platformalar vasitəsilə tərtib edilib. Belə ki, Stable Diffusion əsasında çalışan servis və platformalar vasitəsilə ümumilikdə 12.59 milyard foto tərtib edilib.
Qeyd etmək lazımdır ki, təqdim edilmiş bu statistika heç də dəqiq bir statistika deyil. Süni zəka sistemləri vasitəsilə tərtib edilmiş 15 milyard foto göstəricisi daha çox qiymətləndirici göstərici rolunda çıxış edir. Lakin bu qiymətləndirmə xarakterli göstəricini digər məşhur platformalardakı statistikalar ilə müqayisə etmək olar. Məsələn Shutterstock platforması özündə 386 milyon, Instagram isə 50 milyard fotonu birləşdirir. Google axtarış sisteminin indeksləmiş olduğu fotoların sayı 136 milyard təşkil edir. Pinterest-ə yüklənmiş fotoların ümumi sayı 240 milyard, Facebook-a yüklənmiş fotoların ümumi sayı isə 1.5 trilyon təşkil edir.
Paylaş
Bənzər xəbərlər