
Süni zəka və insan düşüncəsi arasında oxşarlıq təyin edilib
Süni İntellekt
17.06.2025
Emil
Süni zəkanın insan kimi düşünə bilmə qabiliyyəti ilə bağlı bir-birinə zidd fikirlər mövcuddur. Bu fikirlərdən birini dəstəkləyəcək təkzibedilməz sübutları tapmaq qalır və bu sahədə çinli alimlər irəliləyiş əldə ediblər. Onlar Nature Machine Intelligence jurnalında bir məqalə dərc ediblər. Bu məqalə ilk dəfə olaraq sübutlarla süni zəkanın düşüncə tərzinin insan düşüncəsi ilə əsaslı oxşarlığını əsaslandırıb. Məqalədə deyilir: 'İnsanların təbii obyektləri necə konseptuallaşdırması və kateqoriyalara ayırması onların qavrama və idrak bacarıqları barədə mühüm məlumat verir. Tədqiqatçılar bildirirlər ki, böyük dil modellərinin (LLM) meydana çıxması ilə əsas bir sual yaranır: Bu modellər linqvistik və multimodal məlumatlara əsaslanaraq obyektlər haqqında insanabənzər təsəvvürlər formalaşdıra bilirlərmi?”. Tədqiqat Çin Elmlər Akademiyası (CAS) və Cənub Çin Texnologiya Universitetinin (South China University of Technology) alimləri tərəfindən aparılıb.

Onlar ChatGPT-3.5 və Gemini Pro Vision 1.0 adlı böyük dil modellərindən istifadə ediblər. Birinci model yalnız mətnlə işləyirdi, ikinci isə həmçinin şəkillərlə - yəni multimodal məlumatlarla - işləmə qabiliyyətinə malik idi. Tədqiqat zamanı alimlər psixiatriyada pasientlərin idrak funksiyalarını qiymətləndirmək üçün istifadə olunan klassik davranış modellərinə əsaslanıblar. Xüsusilə, “üçlü qiymətləndirmə” metodu tətbiq olunub - burada iştirakçı 3 obyekt arasından ikisinə uyğun olmayanı seçib çıxarmalıdır. Təcrübə zamanı insanlar neyrovizualizasiya - məsələn, MRT və oxşar üsullarla - müayinədən keçiriliblər ki, tapşırıqları yerinə yetirərkən beynin hansı hissələrində və necə düşüncə ilə bağlı neyron nümunələri formalaşır. Eyni tapşırıqlar böyük dil modellərinə də verilib və onların məlumatları necə “təsnif etdikləri” və hansı prinsiplərlə emal etdikləri öyrənilib.

Bu yolla insan beyni ilə süni zəka modellərinin düşüncə mexanizmləri arasında müqayisə aparılıb. Ümumilikdə insanlar və böyük dil modelləri alimlər tərəfindən onlara təqdim olunmuş təbii obyektləri öyrənərək onlara 10-larla fərqli parametr üzrə təsnifat veriblər və bu obyektləri - ya zehində, ya da təlim bazasında - dünyagörüşünə uyğun şəkildə sıralayıblar. Tədqiqat zamanı alimlər real dünyada mövcud olan heyvanlar, bitkilər, qida məhsulları, mebellər, geyim əşyaları və nəqliyyat vasitələri kimi 1854 obyekt üzrə ümumilikdə 4.7 milyon üçlü qiymətləndirmə məlumatı toplayıblar. Bu araşdırma nəticəsində müəyyən olunub ki, insanlar və süni zəka sistemləri tərəfindən obyektlərin idraki baxımdan qavranılması arasında əsaslı oxşarlıqları müəyyənləşdirmək üçün 66 əsas parametrdən istifadə etmək mümkündür. Alimlərin seçdikləri bu parametrlər sadəcə “bu obyekt qida məhsuludur” və ya “bu geyim əşyasıdır” kimi sadə kateqoriyalarla məhdudlaşmırdı.

Tədqiqat zamanı obyektin teksturası, temperaturu, yerləşdiyi mühit, həmçinin uşaqlar və böyüklər tərəfindən necə qavranıldığı kimi amillər də nəzərə alınıb. Məlum olub ki, əsas səviyyədə süni zəka obyektlər barədə məlumatları insan beyninin müvafiq sahələrində baş verənə bənzər şəkildə sıralayır. Bu zaman mətn əsaslı model multimodal modelə nisbətən daha “insanabənzər” davranış nümayiş etdirib. Lakin hər iki model insan düşüncəsi ilə tam eynilik təşkil etməsə də, obyektlərin təhlili və təsnifatı baxımından əsasən oxşar bir sxem nümayiş etdirib. Alimlər yekun olaraq bildirirlər ki, süni zəka ilə insan arasında düşünüldüyündən daha çox ortaq cəhət mövcuddur. Bu yeni tədqiqat süni zəkanın hansı məntiqə əsaslandığını daha dəqiq anlamağa kömək edəcək və nəticədə bu texnologiyanın daha da təkmilləşdirilməsinə imkan yaradacaq.
Paylaş
Ən çox oxunanlar

HUAWEI WATCH 5-ZAMANI AŞAN DİZAYN VƏ PREMİUM KEYFİYYƏT ESTETİK GÖRÜNÜŞ VƏ DÖZÜMLÜ KORPUS
