Logo
    main-post-cover

    Süni zəkanın dövlət tənzimlənməsi ABŞ-ı liderlikdən məhrum edə bilər

    Süni İntellekt
    12.05.2025
    Emil
         ABŞ prezidenti vəzifəsinə Donald Trump-ın gəlişindən sonra texnologiya sahəsində süni zəkanın inkişafı ilə bağlı potensial risklərə münasibət kəskin şəkildə dəyişib. Texnologiya şirkətlərinin rəhbərləri artıq süni zəkanın hazırlanması ilə bağlı istənilən məhdudiyyətlərin tamamilə ləğv edilməsini müdafiə edirlər. Süni zəkaya münasibətdəki bu dəyişiklik ABŞ Konqresində OpenAI şirkətinin baş direktoru Sam Altman-ın çıxışında aydın şəkildə özünü göstərib. Əgər o, 2023-cü ildə elə həmin yerdə çıxış edərkən texnologiyanın təhlükəsizliyini təmin etmək üçün süni zəka üzrə lisenziyalaşdırma agentliyinin yaradılmasını tövsiyə edirdisə, bu dəfə bildirib ki, güclü süni zəka proqram təminatının buraxılışının hökumət tərəfindən təsdiqlənməsi tələbi Birləşmiş Ştatların süni zəka texnologiyalarının inkişafında liderliyinə “fəlakətli” təsir göstərə bilər.
         Daha əvvəl səsləndirilmiş “Süni zəka bəşəriyyət üçün risk yaradır” kimi xəbərdarlıqlar və bu yeni texnologiyanın sürətli, qabaqlayıcı şəkildə tənzimlənməsi çağırışları artıq keçmişdə qalıb. The Washington Post qeyd edib ki, bunun əvəzinə, aparıcı şirkətlərin rəhbərləri və Trump-ın yeni administrasiyasındakı məmurlar arasında demək olar ki, yekdil fikir formalaşıb: ABŞ şirkətlərə tam fəaliyyət azadlığı verməlidir ki, onlar süni zəka sahəsində daha sürətli inkişaf etsin, bu texnologiyadan mənfəət əldə etsin və ölkənin Çin üzərindəki üstünlüyünü qoruya bilsinlər. “Birləşmiş Ştatlar süni zəka sahəsində lider olmaq istəyirsə, o zaman tənzimləməyə - hətta zahirən müsbət görünsə belə - innovasiyanı və tətbiqi boğmağa imkan verə bilməz” - deyə ABŞ Konqresində keçirilmiş dinləmələrin əvvəlində senator Ted Cruz bildirib.
         Əgər 2023-cü ilin noyabrında Böyük Britaniyada keçirilmiş beynəlxalq süni zəka sammitində gələcək risklərə dair narahatlıqlar tədbir iştirakçılarının əsas diqqət mərkəzində idisə, bu il Parisdə keçirilmiş tədbirdə süni zəkanın tənzimlənməsinə olan münasibətin dəyişdiyi açıq şəkildə hiss olunurdu. Paris sammitinin yekun bəyanatında dünya liderləri ölkələri və şirkətləri daha intellektual süni zəkanın hazırlanmasını sürətləndirməyə çağırıblar, risklərə isə xüsusi vurğu edilməyib. ABŞ-ın vitse-prezidenti JD Vance çıxışında süni zəka texnologiyasının tənzimlənməsi cəhdlərini tənqid edib: “Biz hesab edirik ki, süni zəka sektorunun həddindən artıq tənzimlənməsi bu transformativ sahəni hələ başlanğıc mərhələsindəcə məhv edə bilər və biz artımı təşviq edən süni zəka siyasətini dəstəkləmək üçün əlimizdən gələni edəcəyik” - deyə Vance bildirib.
         “Süni zəkanın gələcəyi təhlükəsizliklə bağlı həlləri başa qoyaraq təşvişə düşməklə əldə olunmayacaq”. Massaçusets Texnologiya İnstitutunun süni zəka üzrə professoru və fövqəl-ağıl səviyyəsində süni zəkanın  potensial risklərini araşdıran qeyri-kommersiya təşkilatı olan Future of Life Institute-un prezidenti Max Tegmark isə Birləşmiş Ştatlarda süni zəkanın tənzimlənməsinin yoxluğunu tənqid edib. “Hətta OpenAI, Anthropic və ya digər bir şirkətin qarşısındakı sendviç mağazası belə, bir sendviç satmağa başlamazdan əvvəl öz mətbəxində təhlükəsizlik standartlarına uyğunluğu təmin etməlidir. Amma əgər şirkətlər sabah fövqəlağıllı bir sistem buraxmaq istəsələr, bunu sərbəst şəkildə edə bilərlər” - Tegmark bildirib.
    Paylaş