
Süni zəkanın “xaç anası”: "Süni zəka qanunları elmi fantastikaya deyil, real elmə əsaslanmalıdır"
Süni İntellekt
11.02.2025
Emil
Süni zəkanın “xaç anası” kimi tanınan alim, Fei-Fei Li, süni zəka siyasətinin formalaşdırılması üçün 3 əsas prinsipi təqdim edib. O, elmi faktlara əsaslanmağın vacibliyini vurğulayaraq, süni zəkanın şüura və niyyətlərə malik olmadığını xatırladıb. Bundan əlavə, Li süni zəkanın inkişafında praktiki yanaşmaların tətbiq olunmasını və bu sahədə bütün tədqiqatçılar və süni zəka icmasının üzvləri üçün açıq texnologiyalara çıxışın təmin edilməsini vacib hesab edir. Birinci prinsip kimi, Li qeyd edib ki, süni zəka siyasəti "elmi fantastikaya deyil, elmi məlumatlara əsaslanmalıdır".

Bu, o deməkdir ki, siyasətçilər utopik və ya apokaliptik gələcək ssenarilərinə deyil, süni zəkanın real vəziyyətinə diqqət yetirməlidirlər. Onun sözlərinə görə, xüsusilə vacib olan məqam siyasətçilərin çat-botların və digər oxşar tətbiqlərin nə düşüncəyə, nə niyyətlərə, nə də şüura malik olmadıqlarını dərk etmələridir. Bu yanaşma lazımsız fantaziyaların qarşısını almağa və həqiqətən vacib problemlərə diqqət yönəltməyə kömək edəcək. İkinci prinsip olaraq, o hesab edir ki, süni zəka siyasəti "ideologiyaya deyil, praktiki yanaşmaya əsaslanmalıdır". Yəni siyasət elə qurulmalıdır ki, potensial mənfi nəticələri minimuma endirərkən, eyni zamanda texnologiyanın inkişafını təşviq etsin.

Üçüncü prinsip olaraq, Li, süni zəkanın inkişafı üzərində işləyən bütün mütəxəssislərin dəstəklənməsinin vacib olduğunu bildirib. Bura açıq mənbəli proqram təminatı üzərində çalışan tərtibatçılar və alimlər daxildir. "Süni zəka modellərinə və hesablama alətlərinə açıq çıxış irəliləyiş üçün həlledici əhəmiyyət daşıyır. Məhdudiyyətlər isə süni zəka sahəsində maneələr yaradacaq və xüsusilə də özəl sektordakı həmkarları ilə müqayisədə daha az resursa malik akademik institutlar və tədqiqatçılar üçün innovasiyaları ləngidəcək " - deyə Li vurğulayıb. O bu açıqlamanı Parisdə keçirilən AI Action sammitindən əvvəl verib. Fei-Fei Li bundan əvvəl World Labs adlı startapını qurub. Şirkət üçölçülü mühitlərlə qarşılıqlı əlaqə qura bilən süni zəka modelləri hazırlayır. Startap artıq 230 milyon dollar investisiya cəlb edərək, 1 milyard dəyərində qiymətləndirilib.
Mənbə: Techcrunch
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
