Suno AI müəllif hüquqları sistemini asanlıqla aldatmağa imkan verir
Süni İntellekt
06.04.2026
Sevinj
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, süni intellektlə musiqi yaradan Suno platforması müəllif hüquqları baxımından ciddi problemlər yarada bilər. Platforma rəsmi olaraq müəllif hüquqları ilə qorunan mahnıların istifadəsinə icazə vermədiyini bildirsə də, aparılan testlər göstərir ki, bu qoruma sistemini aldatmaq olduqca asandır.
Məlumata görə, istifadəçilər çox sadə üsullarla məşhur mahnıları Suno sisteminə yükləyərək onların demək olar ki, eyni səslənən AI versiyalarını yarada bilirlər. Bunun üçün mahnının sürətini dəyişmək və ya faylın əvvəlinə və sonuna səs-küy əlavə etmək kifayət edir. Bu dəyişikliklərdən sonra sistem müəllif hüququnu tanımır və mahnını yeni kompozisiya kimi emal edir.
Daha sonra istifadəçilər bu AI ilə yaradılmış mahnıları Spotify kimi platformalara yükləyərək monetizasiya edə bilərlər. Bu isə orijinal mahnı müəlliflərinə ödənilməli olan qonorarların ödənilməməsi ilə nəticələnə bilər. Xüsusilə müstəqil musiqiçilər bu vəziyyətdən daha çox zərər görürlər, çünki onların mahnıları sistemlər tərəfindən daha az qorunur və asanlıqla AI tərəfindən kopyalana bilir. Bəzi hallarda isə AI tərəfindən yaradılmış saxta mahnılar hətta musiqiçilərin rəsmi profillərinə yerləşdirilərək gəlirin başqa şəxslər tərəfindən əldə olunmasına səbəb olub. Bu da göstərir ki, AI musiqi platformaları və striminq xidmətlərinin müəllif hüquqlarını qoruma sistemləri hələ tam effektiv deyil.
Paylaş