main-post-cover

    Supernova partlayışının gözlənilməsi: Bu cür hadisə Yer kürəsi üçün hansı təhlükələri özündə birləşdirir?

    Süni İntellekt
    02.05.2022
    Farid Pardashunas
        Alimlər Yer kürəsindən uzaqda olmayan ulduzun partlayaraq supernovaya (digər adı ifrat yeni ulduz) çevrildiyi barəsində məlumatları vaxtından tez əldə etməyə ümid bəsləyirlər. Bu cür məlumatları həm yerüstü teleskoplar həm də yeraltı sensorlar əldə edə bilərlər. Bu halda alimlər Süd Yolu qalaktikasında materiyanın necə yaranması barəsində daha çox məlumat toplaya biləcəklər. Lakin digər tərəfdən bu cür hadisə Yer kürəsi üçün ciddi təhlükələri özündə birləşdirir. Supernova bu və ya digər ulduzun partlaması nəticəsində yaranır. Həmin partlayış zamanı ifraz edilən işıq o dərəcədə parlaq olur ki, o, astronomların müşahidə etdikləri görünən bütün işığı kölgədə qoya bilər.
        Son 1000 il ərzində alimlər bu cür hadisəni yalnız 5 dəfə müşahidə edə biliblər. Həmin hadisələr isə teleskopun icad edilməsindən öncə baş veriblər. “Supernovaların digər qalaktikalarda yaranmaları və bizim qalaktikamızdakı supernova qalıqları sayəsində biz onlar barəsində təsəvvürlərə sahibik. Lakin biz, Yer kürəsindən uzaqda olmayan supernovanın yaranmasını müşahidə etmək istəyərdik. Nəticədə onu müasir teleskoplar və sensorlar vasitəsilə müşahidə etmək mümkün olardı” - alimlərdən biri qeyd edib.
    1054-cü ildə partlamış supernovanın qalıqları olan Xərçəng dumanlığı:
        Supernova partlayan zaman kosmosa ağır elementlər ifraz edilir. Buna görə də Yer kürəsinə yaxın məsafədə ola biləcək supernovanın yaranması öz növbəsində alimlərə Süd You qalaktikasında materiyanın necə yarandığı barəsində daha çox məlumatların əldə edilməsi imkanını verə bilər. “Ağır elementlərin çoxu supernovaların partlayışları nəticəsində yaranıblar. Həmin elementlərin atomları qalaktikanın mövcud olması üçün onu lazımi maddə ilə təmin edirlər. Bu elementlər həmçinin həyat növünün mövcud olması üçün də vacibdir. Məsələn sümüklərimizdəki kalsium, qanımızdakı dəmir, barmağımızda gəzdirdiyimiz üzüyün tərkibindəki qızıl və s. elementlər supernovaların partlayışları nəticəsində yaranıblar” - deyə alimlər qeyd ediblər. Supernova partlayışı nəticəsində yüksək sıxlığa sahib neytron ulduzu qalır.

    Həmin ulduzun nə dərəcədə yüksək sıxlığa sahib oduğunu təsvir etmək üçün təsəvvür edin ki, təqribi olaraq 3 milyard ton kütləyə sahib maddə kibrit qutusu daxilində yerləşir.

        Supernovaya çevrilmiş ulduz həddindən artıq böyük olubsa, bu, nəticədə həmçinin qara dəliyin yaranmasına səbəb ola bilər. Supernova partlayışı zamanı böyük miqdarda enerji ifraz edilir. Günəşin 10 milyard il ərzində ifraz etdiyi enerji miqdarı bir supernova partlayışı çərçivəsində ifraz edilə bilər. Bəzən supernova partlayışını Yer kürəsindən adi gözlə gündüz vaxtı da müşahidə etmək olar. Belə ki, partlayış zamanı çox parlaq işıq yaranır. Alimlərin fikirlərinə əsasən Süd Yolu kimi qalaktikada hər 1000 il ərzində təqribi olaraq 20 ədəd supernova yaranır. Lakin son 1000 il ərzində alimlər yalnız 5 dəfə bu cür hadisə müşahidə ediblər. Tarixi mənbələrə əsasən həmin hadisələr 1006, 1054, 1181, 1572 və 1604-cü illərdə baş veriblər.
    1572-ci ildə partlamış SN1572 adlı supernovanın qalıqları:
        “Lakin əgər supernovalar bu cür parlaqdırlarsa, nəyə görə insanlar proqnozlaşdırılan 20 hadisə əvəzinə yalnız 5-ni müşahidə ediblər? Cavab çox sadədir. Bizim qalaktikamız yastı diski xatırladır və bizim Günəş sistemimiz onun kənar hissəsinə istiqamətlənmiş yolun 2/3 hissəsində yerləşir. Bu yastı diskin digər tərəfində yaranmış supernovanın qarşısını qalaktikanın mərkəzində olan toz və ulduzlar alırlar” - deyə alimlər qeyd ediblər.
        Supernovaların partlayışları təkcə həyat üçün vacib olan elementlərin istehsalçıları deyil, həmçinin ulduzlar ilə planetlərin formalaşmalarında vacib rolu oynayan faktorlardır. “Supernova partlayışı zamanı kosmosa güclü zərbə dalğaları yayılır. Həmin dalğalar toz və qaz buludları ilə toqquşaraq onların sıxlaşmasına şərait yaradırlar. Nəticədə həmin buludların mərkəzlərində ilk öncə protoulduzlar yaranırlar və daha sonra onlar əsl ulduzlara çevrilirlər. Növbəti mərhələdə isə həmin əsl ulduzların ətraflarında planetlər formalaşır. Bəlkədə Günəş və Günəş sistemi məhz bu cür üsul vasitəsilə yaranıb” - deyə alimlər qeyd ediblər.
    1604-cü ildə partlamış SN1604 adlı supernovanın qalıqları:
        Lakin supernova partlayışı həmçinin Yer kürəsi üçün ciddi təhlükə mənbəyinə çevrilə bilər. Alimlərin sözlərinə əsasən əgər Yer kürəsindən 60 işıq ili uzaqlığında bu cür hadisə baş versə, kosmik şüalar bizim planetin ozon təbəqəsini məhv edə bilərlər. Bu isə o deməkdir ki, Yer kürəsinə Günəşdən daha böyük miqdarda ultrabənövşəyi şüalanma düşəcək. Bu şüalanma isə canlı orqanizmlər üçün ölümcüldür. “Bu cür fəlakətin baş verməsi üçün supernova Yer kürəsinə çox yaxın məsafədə partlamalıdır. Biz, bu cür ulduzun Yer kürəsinə yaxın məsafədə partlamağa hazır olduğu barəsində məlumatlara sahib deyilik” - deyə alimlər qeyd ediblər.

    Lakin alimlər düşünürlər ki, son 10 milyon il ərzində kosmik miqyasda Yer kürəsindən uzaqda olmayan 2 ədəd bu cür ulduz həqiqətən də partlayıb.

        Alimlərin fikirlərinə əsasən bu cür partlayışlar Yer kürəsindən təqribi olaraq 320 işıq ili uzaqlığında baş veriblər. Alimlər bu cür nəticəyə ona görə gəliblər ki, Yer kürəsində dəmirin radioaktiv izotopu olan dəmir-60 aşkar edilib. Sözügedən izotop isə məhz supernovaların partlayışları nəticəsində yaranır. Həmin izotop 2.5-7 milyon il yaşa sahib çöküntülərdə aşkar edilib. Lakin həmin hadisələrin bizim planetimizə necə təsir göstərdikləri barəsində dəqiq bir məlumat yoxdur. Ola bilsin ki, həmin hadisələrin nəticəsində bizim planetdə hansısa iqlim dəyişiklikləri baş verib.
    RCW 103 adlı partlamış supernovanın qalıqları. Həmin qalıqların mərkəzində 1E 161348-5055 adlı neytron ulduzu yerləşir:
        Eyni zamanda alimlər güman edirlər ki, uzaq keçmişdə baş vermiş supernova partlayışları Yer kürəsindəki həyatın inkişafına neqativ təsir göstərmiş ola bilərlər. “360 milyon il bundan öncə canlı orqanizmlərin baş vermiş kütləvi qırılmalarından biri supernova partlayışı ilə əlaqəli ola bilər. Ola bilsin ki, söhbət, bir yox bir neçə partlayışdan gedir. Lakin onlar Yer kürəsindən təqribi olaraq 65 işıq ili uzaqlığında baş veriblər. Bu partlayışlar öz növbələrində Yer kürəsini uzun müddət ərzində ozon təbəqəsindən məhrum edib” - deyə alimlərdən biri qeyd edib.

    Alimlərin sözlərinə əsasən əgər bu həqiqətən də belədirsə, deməli supernova partlayışı nəticəsində olmuş güclü şüalanma Yer kürəsini 100.000 il ərzində ozon təbəqəsindən məhrum edib və bu, planetimizdəki ilkin canlı orqanizmlərin kütləvi qırılmalarına gətirib çıxardıb.

        Hal hazırda alimlər Yer kürəsindən uzaqda olmayan supernovanın yaranmasına dair ilk əlamətlərin müşahidə edilməsinə hazırlaşırlar. Bu məsələdə onlara neytrino hissəciyinin aşkar edilməsi üçün nəzərdə tutulmuş yeraltı sensorlar kömək edəcəklər. “Neytrino supernova partlayışı nəticəsində yaranan ilk hissəcikdir. Əgər onların sayları çox olarsa, xüsusi sensorlar onları təyin edəcəklər. Yerüstü teleskoplar isə həmin neytrinoların mənşəyinə doğru istiqamətlənəcəklər” - deyə alimlər qeyd ediblər. Alimlər əmindirlər ki, 2022-ci ildə supernova partlayışı baş verəcək. Lakin həmin partlayışın bizim qalaktikada və üstəlik Yer kürəsinə yaxın məsafədə baş verib-verməyəcəyi bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər