
"Terminator"un rejissoru süni intellekt barəsində narahatlıqlarını dilə gətirib
Süni İntellekt
19.08.2025
Emil
Məşhur kinorejissor James Cameron hələ 1984-cü ildəki "Terminator" filmində verilmiş xəbərdarlıqları xatırladıb. Əgər o vaxtlar bu süjet fantastika kimi görünürdüsə, bu gün onun süni intellektin hərbi məqsədlərlə istifadəsinə dair narahatlıqları daha real səslənir. CTV News-ə verdiyi müsahibədə "Terminator"un müəllifi James Cameron, hərbi texnologiyaların hazırkı inkişaf tendensiyalarının getdikcə onun filmindəki süjeti xatırlatdığını etiraf edib. “Mən hələ 1984-cü ildə xəbərdarlıq etmişdim, amma heç kim məni eşitmədi” - deyə rejissor avtonom silah sistemlərinin istifadəsi ilə bağlı riskləri şərh edərkən bildirib. "Terminator" filmində süni intellekt Skynet, özünü dərk etdikdən sonra nüvə müharibəsi başladır. Bir vaxtlar uydurma hesab edilən bu ssenari, bu gün müdafiə sahəsində çalışan ekspertlərdə ciddi narahatlıq doğurur: çünki avtonom döyüş sistemləri artıq demək olar ki, insan müdaxiləsi olmadan hədəfləri müəyyənləşdirib hücum edə bilirlər.

BMT-nin Silahsızlanma Araşdırmaları İnstitutu (UNIDIR) tərəfindən hələ 2023-cü ildə aparılmış araşdırma, ölümcül avtonom silah sistemləri (LAWS) adlanan texnologiyaların hazırlanması tendensiyasının artmaqda olduğunu ortaya qoyub. Hazırda ən azı 9 ölkə bu cür sistemlər üzərində işləyir. James Cameron əmindir ki, dünya silahlanma yarışının yeni mərhələsinə yaxınlaşır. “Əgər biz etməsək, bunu kimsə edəcək” - deyə rejissor xəbərdarlıq edib və vurğulayıb ki, tarixdə bu cür məntiq dəfələrlə təhlükəli eskalasiyalara səbəb olub. Onun sözlərinin əsaslı olduğu görünür: 2020-ci ildə BMT Təhlükəsizlik Şurasının hesabatında Liviyada dronların hədəflərə insan iştirakı olmadan avtonom şəkildə hücum edə bilməsi ilə bağlı hadisədən bəhs edilirdi.

Bu, süni intellektin döyüş əməliyyatlarında istifadəsinə dair sənədləşdirilmiş ilk hal hesab olunur. Beynəlxalq müzakirələrə, xüsusilə də Adi Silahların Bəzi Növlərinə dair Konvensiya (CCW) çərçivəsində aparılan debatlara baxmayaraq, bu cür sistemlərin qadağan olunması və ya tənzimlənməsi ilə bağlı vahid müqavilə hələ də mövcud deyil. Əsas maneələr geosiyasi çəkişmələr və müdafiə-texnologiya sektorunun maraqlarıdır. James Cameron bildirib: “Biz öz əllərimizlə məhvimizə səbəb olacaq alətlər yarada bilərik” və dünya hökumətlərini avtonom silahlar normaya çevrilməzdən əvvəl aydın etik çərçivələr müəyyən etməyə çağırıb. Bununla yanaşı, kino sənayesindən danışarkən rejissor daha az narahatlıq ifadə edib.

O, süni intellektin ssenaristləri əvəz edə biləcəyinə inanmır, çünki bu cür rəqəmsal sistemlərdə hekayə yaratmaq üçün zəruri olan empatiya və intuisiya çatışmır. “Oturub 20 il gözləyək. Əgər süni intellekt ‘Ən Yaxşı Ssenari’ nominasiyasında Oscar qazanarsa - bax onda bunu ciddi qəbul edərəm” - deyə o, zarafat edib. Buna baxmayaraq, James Cameron etiraf edir ki, texnologiyalar artıq kino istehsalını dəyişməkdədir. Süni intellekt xüsusi effektlər, montaj və səhnələrin ilkin vizuallaşdırılması üçün istifadə olunur. Runway ML, Adobe Sensei və Cuebric kimi proqram təminatları bu prosesləri sürətləndirməyə kömək edir. Amma rejissorun fikrincə, “strukturu təkrarlamaq mümkündür, amma ruhu ötürmək - mümkün deyil”.
Paylaş