main-post-cover

    Tibb işçiləri dünya liderlərini iqlim dəyişikliyi ilə mübarizədə təcili tədbirlər görməyə çağırıblar

    Süni İntellekt
    08.09.2021
    Emil Nəcəfov
        Bütün dünya üzrə tibb sahəsini əhatə edən 200-ə yaxın jurnal iqlim dəyişikliyi ilə bağlı xüsusi məqalə dərc edib. Dərc edilmiş məqalədə iqlim dəyişikliyi ilə mübarizə məsələsində təcili tədbirlərin görülməsi üzrə dünya liderlərinə çağırılış edilib. Əsas məqsəd qlobal istilik artımının məhdudlaşdırılması, təbiətin məhv edilməsinin qarşısının alınması və insanların sağlamlıqlarını qorumaqdır. Sözügedən məqalə BMT-nın gələn həftə baş tutacaq Baş Assambleyasının və noyabr ayında Qlazqoda keçiriləcək iqlim konfransının fonunda dərc edilib. Həkimlər və alimlər xəbərdarlıq ediblər ki, zərərli qazların ifrazlarının məhdudlaşdırılması və planetin bioloji mühitinin qorunub saxlanması yolunda atılmış son addımlar müsbət hal hesab edilsələr də, bu, yetəri səviyyədə olan tədbirlər deyil.
        Bununla yanaşı bütün bu məqsədlər qısa və uzunmüddətli planlarla razılaşdırılmayıb. Onilliklər ərzində tibb işçiləri və elm sahəsində olan nüfuzlu nəşriyyatlar iqlim dəyişikliklərinin təbiətə və insan sağlamlığına təsir göstərmələri barəsində xəbərdarlıq ediblər. "Ekstremal temperatur, məhvedici hava şərtləri və əsas ekosistemlərin irimiqyaslı deqradasiyası kimi şəraitdə sağlamlığa və sağ qalma faktoruna olan təsirlər iqlim dəyişikliyinin yalnız bir sıra nəticələridir” - deyə məqalədə qeyd edilib. Bu nəticələr isə əhalinin ən həssas təbəqələrinə daha çox təsir göstərirlər. Bura uşaqlar, qocalar, etnik azlıqlar, daha kasıb şəraitdə yaşayan icmalar və müəyyən xəstəliklərə sahib insanlar daxildirlər. Dərc edilmiş məqalədə tibb sahəsi dövlətləri iqlim dəyişikliyi ilə mübarizəyə çağırır. Əsas məqsəd cəmiyyəti və iqtisadiyyatı dəyişməkdir. Buna misal olaraq nəqliyyat sisteminin, şəhərlərin, qida məhsullarının istehsalatının və paylanmasının, investisiya bazarlarının və səhiyyə sahəsinin təkmilləşdirilməsinin dəstəyini gətirmək olar.
        Məqalənin müəlliflərinin fikirlərinə əsasən bunun üçün ciddi investisiyalar lazım olacaq. Lakin nəticədə insanlar sağlamlıq və iqtisadiyyat ilə bağlı böyük müsbət effektlər əldə edəcəklər. Bura yüksək keyfiyyətli iş yerləri, havanın çirklənmə səviyyəsinin aşağı enməsi, insanlarda fiziki aktivliyin yüksəlməsi və onların yaşayış ilə qida rasionlarının yaxşılaşması daxildir. “Tibb işçiləri COVID-19 ilə mübarizə məsələsində ön cəbhədədirlər. Bugün onlar vacib xəbərdarlığı etmək üçün bir araya gəliblər. Yer kürəsində temperaturun hətta 1.5 dərəcə Selsi yüksəlməsi belə təbiətin məhv olmasına və daha ölümcül böhranın baş verməsinə gətirib çıxardacaq. Daha varlı ölkələr sürətlə hərəkət etməli və yüksək temperaturdan artıq əziyyət çəkən ölkələrə yardım etməlidirlər’ - deyə məqalə müəlliflərindən biri qeyd edib.  
    Linki kopyala