Logo
    main-post-cover

    TIDAL AI ilə yaradılan musiqilərə qarşı sərt qaydalar tətbiq etməyə başlayıb

         TIDAL süni intellektlə yaradılmış mahnılara qarşı yeni siyasətini açıqlayıb. Şirkət iyulun 15-dən etibarən platformada yayımlanan tam AI-generated (süni intellekt tərəfindən yaradılan) musiqilərin monetizasiyasını dayandıracaq.
    Review: TIDAL high-fidelity music streaming
        Yeni qaydalara əsasən, 100 faiz süni intellekt tərəfindən hazırlanmış mahnılar "AI" etiketi ilə işarələnəcək. Bu mahnılar müəllif qonorarları əldə edə, gəlir qazana və birbaşa fan satış proqramlarında iştirak edə bilməyəcək. Bundan əlavə, TIDAL məşhur ifaçıları və ya musiqi qruplarını təqlid edən süni intellekt mahnılarını aşkarlamaq və silmək üçün avtomatlaşdırılmış sistemlərdən istifadə edəcək.
        Şirkətin vitse-prezidenti və baş redaktoru Tony Gervino bildirib ki, məqsəd texnologiyanın inkişafına qarşı çıxmaq deyil, əsl sənətçilərin yaradıcılığını və fanatları ilə əlaqəsini qorumaqdır. Onun sözlərinə görə, bir çox istifadəçi tamamilə süni intellekt tərəfindən yaradılmış musiqiləri dinləmək istəmir və belə məzmunun onlara tövsiyə edilməsini arzulamır.
        TIDAL bu addımı atan ilk platforma deyil. Spotify və Apple Music artıq AI ilə yaradılmış musiqiləri xüsusi etiketlərlə işarələyir və spam məzmunun qarşısını almaq üçün müxtəlif alətlərdən istifadə edir. Daha sərt mövqe nümayiş etdirən Deezer isə bildirib ki, platformaya hər gün yüklənən yeni mahnıların 44 faizi süni intellekt tərəfindən yaradılır. Şirkət AI mahnılarını tövsiyələrdən və redaksiya pleylistlərindən çıxarır.
        TIDAL hesab edir ki, süni intellekt musiqilərinin gəlir əldə etməsinin qarşısını almaq, platformaları dolduran AI məzmununun artımını yavaşlada bilər. Şirkət həmçinin vurğulayıb ki, yeni qaydalar "canlı sənəd" xarakteri daşıyır və gələcəkdə texnologiyanın inkişafına uyğun olaraq yenilənə bilər.
    Paylaş