main-post-cover

    Voyager kosmik aparatları insan sivilizasiyasını 'ölümsüzləşdirə' bilərlər

    Süni İntellekt
    26.05.2022
    Emil Nəcəfov
        Hal hazırda Voyager-1Voyager-2 kosmik aparatları Yer kürəsindən ən uzaq məsafədə yerləşən süni yaradılmış obyektlərdir. Alimlərin hesablamalarına əsasən onlar Yer kürəsindən təqribi olaraq 24 milyard km uzaqlıqda ulduzlararası məkanda hərəkət edirlər. Bu aparatlardan hər birinin tərkibində insan sivilizasiyasının bir hissəsi mövcuddur. Söhbət, Yer kürəsi və insanlar barədə bəzi məlumatları özlərində birləşdirən qızıl plastinlərdən gedir. Florida Beynəlxalq Universitetinin alimi James Edward Huchingson öz yeni məqaləsində bu aparatların bizim sivilizasiyanı necə "ölümsüzləşdirə" biləcəklərindən danışıb. “Ulduzlararası məkanda səyahətlərinə davam edən Voyager aparatlarına yerləşdirilmiş qızıl plastinlərə insanlar barəsində əsas məlumatlar, səslər, təsvirlər, musiqilər və 1977-ci ildə sözügedən aparatların kosmosa göndərilməsi zamanı ABŞ-ın prezidenti olmuş Jimmy Carter-in potensial yadplanetli sivilizasiyalar üçün salamı yazılıb” - deyə Edward Huchingson qeyd edib.

    Bu qızıl plastinlər elə şəkildə yaradılıblar ki, 1 milyard il ərzində kosmosda mövcud ola bilərlər. Lakin aparılmış yeni araşdırmaya əsasən kosmik səyahətin bütün təhlükələrinə baxmayaraq sözügedən qızıl plastinlər aparatlar ilə birlikdə 1 trilyon il ərzində mövcud ola bilərlər.

        “Voyager aparatlarının bu dərəcədə inanılmaz uzunömürlü olmaları ölümsüzlük ideyasının araşdırılması üçün unikal imkandır. Bəzi insanlar üçün ölümsüzlük ruhun ölümdən sonra sonsuzadək mövcud olması deməkdir. Bu həmçinin insan və onun geridə buraxdıqları barəsində xatirələrin qorunub saxlanması deməkdir. Özündə insan sivilizasiyasının kiçik hissəsini daşıyan hər bir Voyager aparatını da bizim sivilizasiyamız barəsində xatirələrin qorunub saxlanması üçün nəzərdə tutulmuş texniki üsul kimi qəbul etmək olar. Lakin o halda ki, həmin aparatlar hər hansısa yadplanetli sivilizasiya tərəfindən aşkar edilsinlər” - deyə Edward Huchingson qeyd edib. Bir çox dinə əsasən insanın ölümündən sonra onun ruhu ölümsüz olur. Lakin alimin fikrincə ölümsüzlük təkcə fərd ilə məhdudlaşmır. O, kollektiv də ola bilər. Yəni başqa sözlə desək, ölümsüzlük ümumilikdə insan sivilizasiyasını da əhatə edə bilər. Digər tərəfdən ölümsüz ruh ideyası dindən uzaq olan şəxslər üçün uyğun deyil.

    Bu cür insanlar üçün ölümsüzlük bədənin dondurulması və illər sonra yenidən oyadılması və ya şüurun kompüterə yazılması deməkdir.

        “Tanrıya inamın olub-olmamasından asılı olmayaraq insanlar özləri barəsində xatirələrin digərləri tərəfindən xatırlanmasını istəyirlər. Yəni onlar barəsində xatirələr də bir növ ölümsüzlükdür. Voyager aparatlarının 1 trilyon il ərzində səyahət edəcəklərini nəzərə alsaq, onlar da müəyyən mənada ölümsüz hesab edilirlər” - deyə Edward Huchingson əlavə edib. Alimlərin hesablamalarına əsasən Günəş təqribi olaraq 5 milyard ildən sonra sönəcək. Yəni başqa sözlə desək, həmin vaxtda Yer kürəsində hər hansı bir bioloji həyat növü mövcud olsa, o, məhv olacaq. Lakin hətta bunun baş verəcəyindən sonra da kosmosun uzaq sahələrində insan sivilizasiyası tərəfindən yaradılmış 2 ədəd kosmik aparat yadplanetli sivilizasiya ilə görüş ümidi ilə öz səyahətlərini davam etdirəcək. Əgər Voyager aparatlarının yadplanetli sivilizasiya ilə görüşləri daha tez baş tutmasa, onların tərkiblərində olan qızıl plastinlər Yer kürəsi və insanlar barəsində yeganə xatirələr olaraq qalacaqlar. Bu isə müəyyən mənada bizim sivilizasiyamızı ölümsüzləşdirəcək.
    Linki kopyala