xAI kod yazan yeni süni intellekt agenti “Grok Build”i təqdim etdi
Süni İntellekt
15.05.2026
Sevinj
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, xAI proqramlaşdırma üçün nəzərdə tutulmuş yeni süni intellekt agenti olan “Grok Build”i təqdim edib. Şirkətin bildirdiyinə görə, alət peşəkar proqram mühəndisliyi və mürəkkəb kodlaşdırma işləri üçün hazırlanıb və hazırda erkən beta mərhələsindədir. “Grok Build” ilkin olaraq aylıq 300 dollar ödəyən SuperGrok Heavy abunəçiləri üçün əlçatandır.
Yeni sistem Anthropic şirkətinin “Claude Code” kimi məhsulları ilə rəqabət aparmaq məqsədi daşıyır. İstifadəçilər Grok Build-i xAI-ın rəsmi saytından yükləyərək hesablarına daxil olduqdan sonra istifadə edə bilərlər. Şirkət bildirib ki, beta mərhələsində istifadəçi rəyləri əsasında məhsul daha da inkişaf etdiriləcək.
Məlumata görə, Elon Musk daha əvvəl xAI-ın kodlaşdırma sahəsində rəqiblərindən geri qaldığını etiraf etmişdi. O, bir neçə həmtəsisçinin şirkətdən ayrılmasından sonra xAI-ı “təməldən yenidən qurduğunu” açıqlamışdı. İddialara əsasən, şirkət daxilində Grok-un performansını Claude səviyyəsinə çatdırmaq üçün xüsusi tapşırıqlar verilib.
Paylaş