Logo
    main-post-cover

    xAI üçün kritik dövr: Qurucu komandanın yarısı artıq yoxdur

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, xAI şirkətinin qurucu heyətində ciddi dəyişikliklər davam edir. Bazar ertəsi şirkətin həmtəsisçilərindən biri olan Yuhuai (Tony) Wu "X" platformasında paylaşım edərək şirkətdən ayrıldığını açıqlayıb. O bildirib ki, artıq həyatında yeni mərhələyə keçməyin vaxtıdır və kiçik komandaların süni intellektlə böyük dəyişikliklər yarada biləcəyinə inanır.
    xAI logo displayed on a screen and Grok on App Store displayed on a phone screen
        Ümumilikdə şirkətin 12 nəfərlik qurucu komandasından artıq 5 nəfər xAI-ı tərk edib. Son bir il ərzində baş verən bu gedişlər diqqət çəkir. 2024-cü ilin ortalarında infrastruktur rəhbəri Kyle Kosic OpenAI şirkətinə keçib. 2025-ci ilin fevralında isə Google-un sabiq mütəxəssisi Christian Szegedy ayrılıb. Avqust ayında Igor Babushkin öz vençur fondunu yaratmaq üçün şirkətdən gedib, ötən ay isə Microsoft-da çalışmış Greg Yang səhhət səbəbilə istefa verib.
        Rəsmi açıqlamalara görə, bütün ayrılıqlar qarşılıqlı razılıq əsasında baş verib. Lakin prosesin zamanlaması diqqət doğurur. Elon Musk rəhbərlik etdiyi xAI yaxın aylarda IPO-ya hazırlaşır və bu mərhələdə şirkətdə sabitliyin qorunması böyük əhəmiyyət daşıyır. Eyni zamanda, SpaceX ilə birləşmədən sonra xAI-ın ambisiyaları daha da böyüyüb.
        Şirkətin əsas məhsulu olan Grok isə son dövrlərdə müxtəlif problemlərlə gündəmə gəlib. Çatbotun qəribə cavablar verməsi və daxili müdaxilə iddiaları texniki komandada gərginlik yarada biləcək amillər kimi qiymətləndirilir. Bundan əlavə, görüntü yaratma alətində edilən dəyişikliklər nəticəsində platformada deepfake məzmunların artması hüquqi risklər doğurub.
        Analitiklər hesab edirlər ki, IPO ərəfəsində belə kadr itkisi investorların diqqətini daha da artıracaq. Süni intellekt sahəsində rəqabət sürətlə dərinləşir və OpenAI ilə yanaşı Anthropic kimi şirkətlər modellərini davamlı olaraq yeniləyirlər. Əgər Grok bu tempə uyğunlaşa bilməsə, bu, xAI-ın bazar dəyərinə və IPO uğuruna təsir göstərə bilər.
    Paylaş