Yaddaş çip çatışmazlığı Sony və Nintendo planlarını poza bilər
Süni İntellekt
16.02.2026
Ilhama
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, süni intellekt üçün istifadə olunan məlumat mərkəzlərinə artan tələbat qlobal yaddaş (RAM) bazarında ciddi təzyiq yaradıb. Nəticədə həm Sony, həm də Nintendo yeni oyun konsolları ilə bağlı planlarını yenidən nəzərdən keçirmək məcburiyyətində qala bilər.
Bloomberg-in sənaye mənbələrinə istinadən yaydığı məlumata görə, Sony növbəti PlayStation modelinin təqdimatını 2028 və ya hətta 2029-cu ilə qədər təxirə salmağı düşünür. Bu isə şirkətin son 30 ildə formalaşmış ənənəvi 6–7 illik nəsil yenilənməsi strategiyasından ciddi kənara çıxma deməkdir. Xatırladaq ki, hazırkı PlayStation 5 2020-ci ilin noyabrında təqdim olunmuşdu və normal şərtlərdə yeni nəsil konsolun 2027-ci ildən gec olmayaraq bazara çıxması gözlənilirdi.
Problemlər yalnız Sony ilə məhdudlaşmır. Bildirilir ki, Nintendo da yaddaş çiplərinin bahalaşması fonunda Switch 2 modelinin hazırda 450 dollar olan qiymətini bu il artıra bilər. Şirkət ötən il ABŞ-də tətbiq olunan yüksək idxal rüsumlarına baxmayaraq start qiymətini dəyişməmişdi. Lakin artan istehsal xərcləri və çip qıtlığı yeni qiymət düzəlişini qaçılmaz edə bilər.
Paylaş