Logo
    main-post-cover

    Yaxın zamanda məntiq yürüdə bilən süni zəkanın inkişafında geriləmə ola bilər

    Süni İntellekt
    13.05.2025
    Emil
         Süni zəka sahəsi məntiq qabiliyyətinə malik modellərin göstəricilərindəki sürətli artımı uzun müddət saxlaya bilməyəcək. Bu barədə süni zəka sahəsindəki Epoch AI adlı qeyri-kommersiya  tədqiqat institutunun analitik hesabatında bildirilir. Təşkilatın ekspertləri belə qənaətə gəliblər ki, cəmi 1 il ərzində bu cür modellərdəki inkişaf sürəti azala bilər. Məntiq yürüdə bilən modellər, məsələn, OpenAI-nin o3 modeli, son aylarda süni zəka texnologiyalarının inkişafında əsas hərəkətverici qüvvəyə çevrilib. Bu modellər riyaziyyat və proqramlaşdırma sahəsində ciddi uğurlar əldə ediblər. Bu tip modellər güclü hesablama resurslarından istifadə edir, lakin cavab hazırlamaq üçün ənənəvi sistemlərlə müqayisədə daha çox vaxt tələb edirlər.
         OpenAI-nin açıqlamasına görə, o3 modelinin təlimi zamanı o1 modelinə nisbətən 10 dəfə artıq hesablama resursu istifadə olunub. Epoch təşkilatının fikrincə, bu resursların böyük bir hissəsi təkmilləşdirmə ilə öyrədilmə mərhələsində (reinforcement learning) istifadə olunub. Bu barədə OpenAI-nin elmi əməkdaşı Dan Roberts da təsdiqləyib. O, bildirib ki, şirkət təkmilləşdirmə ilə öyrədilmə mərhələsinə üstünlük verməyi planlaşdırır və bu mərhələdə modelin ilkin öyrədilməsindən daha çox hesablama resursu istifadə olunacaq. Lakin Epoch ekspertləri hesab edirlər ki, təkmilləşdirmə ilə öyrətmə zamanı istifadə oluna biləcək hesablama resurslarının da yuxarı həddi mövcuddur və bu hədd yaxınlaşmaqdadır.
         Süni zəka modelinin standart təlimində performans artımı hazırda ildə təxminən 4 dəfə artır - deyə hesabatın müəllifi Josh You qeyd edib. Halbuki təkmilləşdirmə ilə öyrədilmə mərhələsində bu artım hər 3-5 ayda 10 qat olur. Ekspertin fikrincə, bu templə süni zəka sahəsi 2026-cı ilə qədər maksimum sərhədə çata bilər. Onun bu fikri həm fərziyyələrə, həm də süni zəka şirkətlərinin rəhbərləri tərəfindən verilmiş ictimai şərhlərə əsaslanır. Yaxın gələcəkdə modellərin daha da inkişaf etdirilməsi yalnız hesablama resurslarının mövcudluğu ilə deyil, başqa çətinliklərlə də qarşılaşa bilər. Məntiq yürüdə bilən modellərin yaxın zamanda müəyyən bir həddə çatacağına dair əlamətlər bu sahədə narahatlıq yarada bilər. Çünki sənaye belə sistemlərin hazırlanmasına böyük investisiyalar yatırıb. Tədqiqatlar artıq göstərib ki, çox baha başa gələn məntiq əsaslı süni zəka modelləri bəzi ciddi çatışmazlıqlara malikdir. Xüsusilə, hallüsinasiyalara (yəni uydurma məlumatlar yaratmağa) adi modellərlə müqayisədə daha çox meyllidirlər.
    Mənbə: Techcrunch
    Paylaş