Yeni süni intellekt startapı River AI 1,1 milyard dollar investisiya cəlb edib
Süni İntellekt
11.08.2026
Sevinj
River AI startapı cəmi bir neçə aylıq fəaliyyətdən sonra 1,1 milyard dollar investisiya cəlb edib. İnvestisiya raunduna General Catalyst və AMP PBC rəhbərlik edib. NVIDIA və AMD Ventures şirkətə strateji investor kimi qoşulub. Y Combinator və Sinqapurun dövlət investisiya şirkəti Temasek də River AI-a sərmayə yatırıb. Şirkətin investisiyadan sonrakı bazar dəyəri açıqlanmayıb. River AI 20 aprel 2026-cı ildə ABŞ-ın Nevada ştatında qeydiyyatdan keçib. Şirkətin əsas ideyası müəssisələrin hazır süni intellekt modellərini sadəcə xidmət kimi istifadə etməsi əvəzinə, öz ehtiyaclarına uyğun modelləri təlimləndirməsinə və həmin modellər üzərində nəzarəti özündə saxlamasına imkan yaratmaqdır.
River AI model parametrləri əlçatan olan süni intellekt modellərinin şirkətlərin ehtiyaclarına uyğunlaşdırılması üçün infrastruktur təqdim edir. Platforma API vasitəsilə LoRA fine-tuning və reinforcement learning kimi üsullardan istifadə etməyə imkan verir. River AI bunun üçün tələb olunan GPU infrastrukturu və digər mürəkkəb texniki prosesləri özü idarə edir. Beləliklə, şirkətlərin ayrıca böyük AI infrastrukturu komandası qurmasına ehtiyac azalır. River AI-ın iddiasına görə, mürəkkəb reinforcement learning təlimi onun API-si vasitəsilə 15-20 dəqiqə ərzində həyata keçirilə bilər. Şirkət həmçinin həllinin qapalı AI alternativləri ilə müqayisədə xərcləri 2-4 dəfə azalda bildiyini bildirir. Lakin bu performans göstəriciləri hələ müstəqil şəkildə təsdiqlənməyib.
Platformada ödəniş istifadə olunan təlim və inference tokenlərinin miqdarına əsasən hesablanır. River AI bunun şirkətləri istifadə olunmayan GPU resurslarına görə əlavə xərc ödəməkdən qoruduğunu bildirir. Şirkətin planları yalnız AI modellərinin təlimi ilə məhdudlaşmır. River AI fərdi süni intellekt sistemlərinin istifadəçiyə daha yaxın işləməsinə imkan verəcək xüsusi hardware üzərində də çalışdığını açıqlayıb. Məqsəd istifadəçini davamlı şəkildə öyrənən və zamanla ona uyğunlaşan fərdi AI sistemləri yaratmaqdır.
Paylaş
