main-post-cover

    Yeni tədqiqata əsasən qalaktikamızda həyat üçün münbit şəraitə sahib yüz milyonlarla planet mövcuddur

    Süni İntellekt
    01.06.2023
    Farid Pardashunas
        Aparılmış yeni tədqiqata əsasən qalaktikamızda ən çox yayılmış ulduz növü olan qırmızı cırtdanların (parlaqlığı Günəşin parlaqlığından daha aşağı səviyyədə olan ulduz növ) ətraflarında dövr edən hər üçüncü planet həyat üçün potensial olaraq münbit şəraitə sahibdir. Alimlər Gaia Kepler teleskopları vasitəsilə əldə edilmiş məlumatları analiz edərək bu cür nəticəyə gəliblər. Sözügedən teleskoplar vasitəsilə əldə edilmiş məlumatlar sayəsində alimlər daha öncə kəşf edilmiş ekzoplanetlərin orbitləri barəsində məlumatlara sahib olublar. Məlum olub ki, daha öncə kəşf edilmiş ekzoplanetlərin 30%-i həyat üçün potensial olaraq münbit şəraitə sahib ola bilər. Alimlər bildiriblər ki, onlar bu iki teleskopun məlumatları əsasında qırmızı cırtdanların ətraflarında dövr edən 163 ədəd ekzoplanetin orbitini yaradıblar.
        Qeyd etmək lazımdır ki, qırmızı cırtdanlar bizim qalaktikamızda ən geniş yayılmış ulduz növüdür. Onlar Yupiter ölçüsündə olurlar və buna görə də planetlər onların ətraflarında daha yaxın orbit üzrə dövr edə bilərlər. Hətta bu halda da həmin planetlər ciddi zərər görməyəcəklər. Lakin məsələnin mahiyyəti tamamilə fərqlidir. Əgər planetlərin orbitləıri dairəvi formada olan orbitlərdən fərqlənsələr, hətta onların yaşayış zonasında (planetin səthində suyun maye şəklində mövcud olmasına şərait yaradan kosmik zona) yerləşdikləri halda da qravitasiya təsirləri nəticəsində planetlərdə yaranacaq qabarma nəticəsində onların səthlərində həyat üçün münbit şərait artıq mövcud olmayacaq.
        Alimlər tərəfindən aparılmış yeni tədqiqata əsasən müşahidə edilmiş ekzoplanetlərin 1/3 hissəsi az-çox dairəvi formaya bənzəyən orbitə sahibdir. Beləliklə həmin ekzoplanetlər həyat üçün potensial olaraq münbit şəraitə sahib ola bilərlər. Bununla yanaşı M sinifinə daxil olan qırmızı cırtdanların (kiçik ölçülü və nisbətən soyuq ulduzlar) ətraflarında ekzoplanetlərin sayı nə qədər çox olarsa, həmin ekzoplanetlərin orbitləri daha çox dairəvi formaya sahib olacaqlar. M sinifinə daxil olan qırmızı cırtdanların sayı bizim qalaktikada milyardlarla olduğunu nəzərə alsaq, onların ətraflarında həyat üçün potensial münbit şəraitə sahib ekzoplanetlərin ümumi sayı yüz milyonlarladır. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər