Logo
    main-post-cover

    Yeni tətbiq SaySo yalnız yoxlanılmış xəbərləri təqdim edəcək

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, sosial şəbəkələr, xüsusilə TikTok, Instagram və YouTube artıq bir çox istifadəçi üçün xəbər almağın əsas mənbəyinə çevrilib. Lakin son dövrlərdə bu platformalarda dezinformasiya, süni intellektlə yaradılmış keyfiyyətsiz kontent və etibarsız məlumatların artması istifadəçilərin narazılığına səbəb olur. Araşdırmalar da göstərir ki, ənənəvi mediaya etimad da zəifləyir. Məhz bu problemi həll etmək məqsədilə SaySo adlı yeni qısa video tətbiqi təqdim olunub. ABŞ və Kanadada iOS istifadəçiləri üçün istifadəyə verilən platforma, xəbərləri yoxlanılmış mənbələrdən və etibarlı kontent yaradıcılarından təqdim etməyi qarşısına məqsəd qoyur.
        SaySo digər platformalardan fərqli olaraq sonsuz “scroll” modelindən uzaqlaşaraq daha məqsədli və fərdiləşdirilmiş xəbər təcrübəsi təqdim edir. Tətbiqin əsas funksiyalarından biri olan Daily Digest istifadəçilərə maraq dairələrinə uyğun seçilmiş video xəbərləri hər gün təqdim edir və bu siyahı hər 20 saatdan bir yenilənir. Bundan əlavə, Explore bölməsi vasitəsilə müxtəlif mövzular üzrə yeni kontentlər kəşf etmək mümkündür.
        Platformada diqqətçəkən əsas məqamlardan biri isə kontentin dərc olunma qaydasıdır. SaySo-da videolar avtomatik yayımlanmır, hər bir material əvvəlcə moderasiya mərhələsindən keçir. Kontent yaradıcılarından istifadə etdikləri məlumat mənbələrini birbaşa videoda göstərmək tələb olunur. Bu yanaşma istifadəçilərin xəbərlərə olan etimadını artırmağı hədəfləyir.
        Eyni zamanda platforma həm insan, həm də süni intellekt əsaslı moderasiya sistemi ilə işləyir. Gələcəkdə isə istifadəçilərin də fakt yoxlama prosesində iştirak edə biləcəyi “community notes” funksiyasının istifadəyə verilməsi planlaşdırılır.
    Paylaş