main-post-cover

    Yer kürəsi Günəş sistemini tərk edə bilərmi?: Alimlər cavab veriblər

    Süni İntellekt
    31.08.2022
    Farid Pardashunas
        Fantastika janrlı bəzi kitablarda Yer kürəsinin Günəş sistemindən ayrıldığını əks etdirən müxtəlif vəziyyətlər göstərilib. Hətta bəzi yazıçı fantastlar güman edirlər ki, bizim planeti bilərəkdən Günəş sistemindən kənarlaşdırmaq lazım olacaq. Belə ki, Günəşdə baş verə biləcək çox güclü partlayış Yer kürəsindəki həyatı məhv edə bilər. Məsələn məşhur çinli yazıçı fantast olan Liu Cixin özünün “The Wandering Earth” adlı hekayəsində məhz bu cür ssenarini əks etdirib. Beləliklə bizim planetimiz nə vaxtsa Günəş sisteminin sərhədlərindən kənara çıxa bilərmi? Alimlər bu suala cavab verməyə çalışıblar bu məsələdə öz variantlarını təqdim ediblər. Qlazqo Universitetinin mütəxəssisi Matteo Ceriotti fikrincə bu cür ssenarinin baş vermə ehtimalı az olsa da qeyri-mümkün deyil. Alimin fikrincə nəzəri cəhətdən bu mümkündür.
        “Təsəvvür edək ki, Günəş sisteminə böyük ölçülü ulduzlararası obyekt daxil olur. O, Yer kürəsinə yaxınlaşa və qarşılıqlı qravitasiya təsirləri sayəsində bizim planeti orbitindən kənarlaşdıra bilər. Əgər bu cür ulduzlararası obyekt böyük kütləyə, yüksək sürətə və Yer kürəsisnə yaxın məsafəyə sahib olsa, nəzəri cəhətdən bu, bizim planetimizin Günəş sisteminin sərhədlərindən kənar səyahətə yollanmasına gətirib çıxara bilər” - deyə Matteo Ceriotti qeyd edib. Yer kürəsinin öz doğma sistemini tərk edə bilməsi nəzəriyyəsi ilə həmçinin Kardiff Universitetinin alimi Timothy Davis də razıdır. Lakin o bu məsələdə şəxsi nəzəriyyəyə sahibdir.
        “Günəş sistemi planetlərinin orbitlərinin pozulmaları Günəşin digər ulduz ilə yaxınlaşması halında baş verə bilər. Bu cür hadisə çərçivəsində Günəş sistemi planetlərinə olacaq qravitasiya təsirləri onların orbitlərində pozulmaların olmasına gətirib çıxaracaq. Bu halda Yer kürəsi bizim ulduz sistemimizi tərk edə bilər” - deyə Timothy Davis qeyd edib. Bununla belə alim əmindir ki, bu cür ssenari yaxın gələcəkdə baş verməyəcək. Onun sözlərinə əsasən ulduzların bir-birilərinə bu cür yaxınlaşmaları çox nadir hallarda baş verir. Məsələn Gliese 710 adlı ulduz tədricən bizim Günəşə yaxınlaşır və təqribi olaraq 1 milyon ildən sonra o, maksimal yaxın məsafədə Günəşdən aralı keçəcək. “Mən fikirləşirəm ki, bu hadisə çərçivəsində Yer kürəsi heç bir zərər çəkməyəcək və o, digər planetlər kimi yerində qalacaq. Lakin hər şey mümkündür” - deyə Timothy Davis bildirib.

    Yazıçı fantastların ssenarilərinə əsaslansaq, gələcəkdə Yer kürəsini öz orbitindən kənarlaşdıra biləcək texnologiyanı yaratmaq mümkün olacaqmı?

        Timothy Davis-in sözlərinə əsasən bunun baş verməsi üçün insanlar inanılmaz həcmdə enerji istehsal edə biləcək texnologiya yaratmalıdırlar. Onun fikrincə Yer kürəsini öz orbitindn ayırmaq və uzaq səyahətə göndərmək üçün sekstilyon ədəd atom bombasının eyni anda partlaması zamanı ayrılan enerji miqdarına ekvivalent olan enerji lazımdır. Yer kürəsinin Günəş sistemi sərhədlərindən kənara kosmik səyahətə yollanacağını təsəvvür etsək, bu halda bizim planetimizi nələr gözləyir? Matteo Ceriotti-nin fikrincə bu halda planet ulduzlararası məkanda hansısa ulduzun onu özünə tərəf çəkəcəyi vaxta kimi səyahət edəcək. Bu cür ssenaridə iki nəticə mümkündür. Ya Yer kürəsi yeni ulduzun ətrafında dövr etməyə başlayacaq, ya da ulduzun cazibə qüvvəsi o qədər böyük olacaq ki, Yer kürəsi onunla toqquşacaq və məhv olacaq. Hətta elə bir ehtimal var ki, bizim planetimiz qara dəlik tərəfindən udulacaq.

    “Əgər Yer kürəsi Günəş sistemindən ayrılsa, hər bir ehtimalda canlıların böyük hissəsi məhv olacaq. Hətta planetimizdəki bütün canlılar da məhv ola bilər” - deyə Matteo Ceriotti qeyd edib.

        Timothy Davis-in sözlərinə əsasən bu cür vəziyyətdə planetdə ola bilsin ki, mikroorqanizmlər sağ qalsınlar. Bu halda onlar müəyyən müddət ərzində aşağı temperatur şəraitində yaşaya bilərlər. Belə ki, Yer kürəsi Günəşdən enerji əldə etməyi dayandıracaq və kosmik məkanda hərəkət edən buz kürəsinə çevriləcək. “Hətta sağ qala biləcək mikroorqanizmlər də müəyyən müddətdən sonra məhv olacaqlar və Yer kürəsi kosmik məkanda hərəkət edən cansız, soyuq buz parçasına çevriləcək” - deyə Timothy Davis qeyd edib. Matteo Ceriotti qeyd edib ki, nəticə etibarilə Yer kürəsi ya Günəş sistemini tərk edəcək, ya da təqribi olaraq 4.5 milyard ildən sonra Süd Yolu Andromeda qalaktikalarının birləşməsi ilə məhv olacaq. “Onu da nəzərə almaq lazımdır ki, Günəşin ölçüsü təqribi olaraq 5 milyard ildən sonra böyüyəcək və o, Yer kürəsini məhv edəcək. bütün ehtimallarda Yer kürəsi zərər çəkəcək. Lakin buna baxmayaraq insanlar qurtulmaq üçün lazımi üsulların tapılması yolunda hələ bir neçə milyard il zamana sahibdirlər” - deyə Matteo Ceriotti əlavə edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər