YouTube Premium üçün AI pleylist dövrü başlayır
Süni İntellekt
10.02.2026
Ilhama
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, YouTube Premium istifadəçilər üçün yeni süni intellekt əsaslı pleylist yaratma funksiyasını istifadəyə verir. Yeni xüsusiyyət iOS və Android cihazlarında aktivləşdirilir və istifadəçilərə sadə mətn və ya səsli sorğular vasitəsilə avtomatik pleylist yaratmağa imkan verir.
İstifadəçilər “Library” bölməsinə daxil olub “New” düyməsinə toxunduqdan sonra “AI playlist” seçimini aktivləşdirə bilirlər. Burada “raging death metal”, “sad post rock”, “chill party üçün progressive house”, “indie pop” və ya “90-cı illərin klassik hitləri” kimi istənilən təsviri yazmaq kifayətdir ki, süni intellekt həmin zövqə uyğun musiqi siyahısı tərtib etsin. YouTube bu istiqamətdə ilk dəfə addım atmır. Şirkət hələ 2024-cü ilin iyulunda ABŞ-də istifadəçilərə mətn sorğuları ilə fərdi radio stansiyaları yaratmağa imkan verən funksiyanı test etmişdi. Yeni AI pleylist aləti isə bu yanaşmanın daha geniş və rəsmi versiyası hesab olunur.
Bu sahədə rəqabət də kifayət qədər güclüdür. Spotify, Amazon Music və Deezer kimi platformalar artıq AI əsaslı pleylist və radio yaradılması funksiyalarını təqdim ediblər. YouTube eyni zamanda Premium abunəliyini daha cəlbedici etməyə çalışır. Bu həftə şirkət pulsuz istifadəçilər üçün YouTube Music tətbiqində mahnı sözlərinə baxışı məhdudlaşdırmağa başlayıb. YouTube TechCrunch-a bildirib ki, bu addım yalnız reklamlı istifadəçilərin kiçik bir hissəsi üzərində aparılan sınaq xarakterlidir və əksər pulsuz istifadəçilər üçün mahnı sözləri əlçatandır.
Paylaş