YouTube süni intellektlə hazırlanan məzmun üçün qaydaları sərtləşdirdi
Süni İntellekt
05.08.2026
Sevinj
YouTube süni intellekt ilə hazırlanan videoları tam qadağan etməyəcək, lakin bundan sonra bu cür məzmunlardan gəlir əldə etmək istəyən müəlliflər üçün daha sərt qaydalar tətbiq olunacaq. Şirkətin Trust & Safety üzrə vitse-prezidenti Matt Halprin Creator Insider kanalına müsahibəsində bildirib ki, YouTube videoların hazırlanmasında hansı alətlərdən istifadə olunmasına qarşı deyil. Lakin platforma yaradıcıların məzmuna real zəhmət və yaradıcılıq qatmasını tələb edir. Bu məqsədlə YouTube Partner Program (YPP) qaydalarında "təkrarlanan məzmun" ifadəsi "qeyri-orijinal məzmun" ilə əvəz olunub. Dəyişiklik AI ilə hazırlanan videoların avtomatik qadağan olunması deyil, hansı məzmunun monetizasiyaya uyğun olmadığını daha dəqiq müəyyənləşdirmək üçündür.
Yeni qaydalara əsasən, aşağıdakı AI məzmunlarından gəlir əldə etmək mümkün olmayacaq:
- Kütləvi şəkildə hazırlanan, eyni tipli və təkrarlanan videolar;
- Heyvanların təhlükədə olduğu kimi narahatedici və manipulyasiya xarakterli AI videoları;
- Maliyyə, sağlamlıq və digər həssas mövzularda məsləhət verən süni intellekt personajları.
Bu qaydalar yalnız monetizasiyaya aiddir. Yəni belə videolar hər zaman silinməyəcək, lakin müəlliflər onların hesabına reklam gəliri qazana bilməyəcəklər. Eyni zamanda bütün videolar əvvəlki kimi YouTube-un ümumi icma qaydalarına da uyğun olmalıdır.
Paylaş
