“4Sİ Akademiyası - Milli Proqram” daha bir il müddətinə uzadılıb
Tech-Azərbaycan
18.06.2026
Farid
İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən 4SİM və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin ABŞ-nin “Coursera” şirkəti ilə birgə həyata keçirdiyi “4Sİ Akademiyası - Milli Proqram” yeni mərhələyə başlayır. Proqram daha bir il müddətinə uzadılıb.
Technote.az xəbər verir ki, proqram çərçivəsində Azərbaycan vətəndaşları “Coursera” platformasında 21 mindən çox kurs və təlimdən ödənişsiz yararlana biləcəklər. İştirakçılar kurslara 6 həftə ərzində pulsuz çıxış əldə edəcəklər.
Yeni mərhələdə əvvəlki 18 mindən çox təlimə əlavə olaraq daha 3 min yeni təlim istifadəyə veriləcək. Kurslar dünyanın 375-dən çox aparıcı universiteti və texnologiya şirkəti tərəfindən təqdim olunur.
Azərbaycan dilində əlçatan məzmunun həcmi də artırılır. Hazırda Azərbaycan dilində altyazı ilə təqdim olunan 2500 kursa əlavə olaraq daha 750 təlim, həmçinin 15 təlim “deepfake” texnologiyası ilə dublyaj edilərək istifadəyə veriləcək.
Proqram iştirakçıları data analitikası, kibertəhlükəsizlik, blokçeyn, proqramlaşdırma, generativ süni intellekt, prompt mühəndisliyi və layihə idarəetməsi kimi sahələr üzrə biliklərini inkişaf etdirə biləcəklər. Layihənin əsas məqsədi rəqəmsal iqtisadiyyat üçün rəqabətli insan kapitalının formalaşdırılmasına dəstək verməkdir.
Paylaş
Bənzər xəbərlər