Logo
    9 yaşlı azərbaycanlı Yasmin Yusifli ABŞ-də bədii gimnastika üzrə süni intellekt əsaslı startapını təqdim edib

    9 yaşlı azərbaycanlı Yasmin Yusifli ABŞ-də bədii gimnastika üzrə süni intellekt əsaslı startapını təqdim edib

        ABŞ-nin Silikon Vadisində yaşayan 9 yaşlı azərbaycanlı Yasmin Yusifli bədii gimnastika məşqçiləri üçün süni intellekt əsaslı platforma hazırlayıb. Coachley.ai adlı startap məşqçilərin gündəlik işini asanlaşdırmaq, idmançıların yarışlara hazırlıq prosesini sürətləndirmək və bir sıra texniki tapşırıqları avtomatlaşdırmaq məqsədi daşıyır. Artıq ABŞ-də pilot sınaqlarına başlanılan layihənin gələcəkdə Azərbaycanda da tətbiqi planlaşdırılır.
        Yasmin Yusifli oktyabrın 12-də San-Fransiskoda keçirilən “The Future of Work Social Mixer and Open Demos” tədbirində startapını ilk dəfə investorlar və texnologiya mütəxəssisləri qarşısında təqdim edib. “Ontology of Value” təşkilatının təşkil etdiyi tədbirə 300-dən çox startap təsisçisi, investor və texnologiya sahəsinin nümayəndəsi qatılıb. Tədbirin rəsmi məlumatında Yasminin təqdimatının iştirakçılar tərəfindən böyük maraqla qarşılandığı və ən gur alqışlardan birini qazandığı bildirilib.
        Kaliforniya ştatının Palo-Alto şəhərində yaşayan Yasmin dördüncü sinif şagirdidir. O, üç ilə yaxındır bədii gimnastika ilə məşğul olur, “USA Gymnastics” təşkilatının üzvüdür və 2026-cı ildə Şimali Kaliforniya üzrə bədii gimnastika çempionu olub.
        Gənc startapçı eyni zamanda Silikon Vadisində fəaliyyət göstərən “Junior Entrepreneurs Hub” (JEH) akselerasiya proqramının məzunudur. Uşaqlara və yeniyetmələrə sahibkarlıq bacarıqlarını öyrədən bu proqramda iştirak etdikdən sonra Yasmin öz idman təcrübəsində qarşılaşdığı problemlərə texnoloji həll hazırlamaq qərarına gəlib. Qeyd edək ki, Azərbaycanda süni intellekt və kibertəhlükəsizlik sahələrində fəaliyyət göstərən “MegaSec” şirkəti də layihəyə texniki dəstək verir. Şirkət ABŞ-nin Kaliforniya ştatının Palo-Alto şəhərində ofis açıb və “Coachley.ai” startapının texnoloji inkişafına dəstək göstərir. 
        Beləliklə, bədii gimnastika məşqçilərinin işini asanlaşdırmağa yönəlmiş “Coachley.ai” startapının ideyası yaranıb. Platforma süni intellekt vasitəsilə yarış qaydalarının təhlili, çıxış proqramlarının hazırlanması, hərəkətlərin çətinlik dərəcəsinin və xalların hesablanması, eləcə də yarış geyimlərinin dizaynı kimi prosesləri vahid sistemdə birləşdirməyi hədəfləyir.
        Bu yanaşma məşqçilərin texniki və inzibati işlərə sərf etdiyi vaxtı azaltmağa, onların diqqətini daha çox idmançıların inkişafına və çıxışların keyfiyyətinə yönəltməyə imkan verə bilər.
        “Coachley.ai” artıq ABŞ-də fəaliyyət göstərən gimnastika klublarından biri ilə pilot əməkdaşlığa başlayıb. İlkin sınaq mərhələsinə 10-dan çox məşqçi və 40-dan artıq gimnast cəlb edilib. Pilot layihənin məqsədi platformanın real məşq prosesində istifadəsini yoxlamaq, məşqçilərin ehtiyaclarını müəyyənləşdirmək və əldə olunan nəticələr əsasında sistemi təkmilləşdirməkdir.
        Startapın uzunmüddətli hədəfi isə platformanı beynəlxalq bazara çıxarmaq, müxtəlif ölkələrdəki gimnastika klubları, məşqçilər və federasiyalar üçün əlçatan etməkdir. Yasminin ailəsi layihənin Azərbaycanda da tətbiqində maraqlıdır. Startapın uzunmüddətli məqsədi süni intellekt əsaslı məşqçi alətlərini müxtəlif ölkələrdəki gimnastika klubları və federasiyalar üçün əlçatan etməkdir.
        Bu istiqamətdə əsas hədəflərdən biri Azərbaycan Gimnastika Federasiyası (AGF) ilə əməkdaşlıq qurmaqdır. Yasminin anasının sözlərinə görə, ailə platformanı federasiya rəhbərliyinə nümayiş etdirmək, onun imkanlarını təqdim etmək və Azərbaycanda tətbiqi üçün əməkdaşlıq imkanlarını müzakirə etmək niyyətindədir. Yasminin arzusu bir gün Azərbaycan Gimnastika Federasiyası ilə əməkdaşlıq edərək yaratdığı texnologiyanı doğma ölkəsində tətbiq etmək və azərbaycanlı gimnastların inkişafına dəstək olmaqdır.
        Xüsusilə 2027-ci ildə Azərbaycanda keçirilməsi nəzərdə tutulan bədii gimnastika üzrə dünya çempionatı ərəfəsində belə bir texnologiyanın təqdim olunması layihə üçün yeni imkanlar yarada bilər. “Coachley.ai” hazırda ilkin inkişaf və sınaq mərhələsində olsa da, komandanın qarşısına qoyduğu məqsəd platformanı beynəlxalq səviyyədə istifadə olunan idman texnologiyası məhsuluna çevirməkdir. 9 yaşlı azərbaycanlı startapçı isə bədii gimnastikada qazandığı təcrübəni süni intellekt və sahibkarlıqla birləşdirərək həm idman, həm də texnologiya sahəsində fəaliyyətini davam etdirməyi planlaşdırır.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...