Azərbaycan BNF-nin dayanıqlı mobillik üzrə beynəlxalq tədqiqat layihəsinin İşçi qrupuna qoşulub
Tech-Azərbaycan
11.06.2026
Farid
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndələri Beynəlxalq Nəqliyyat Forumunun “Kiçik və orta ölçülü şəhərlərdə və kənd ərazilərində dayanıqlı mobillik” üzrə tədqiqat layihəsinin İşçi qrupunun ilk iclasında iştirak ediblər. Görüş onlayn formatda keçirilib.
Technote.az xəbər verir ki, iclasda İşçi qrupun fəaliyyət istiqamətləri, tədqiqatın əhatə dairəsi, prioritetləri və gözlənilən nəticələr müzakirə olunub. Layihənin məqsədi kiçik və orta şəhərlərdə, eləcə də kənd yerlərində nəqliyyat xidmətlərini yaxşılaşdırmaq və mobillik imkanlarını genişləndirməkdir.
Bildirilib ki, İşçi qrupun fəaliyyəti təxminən bir il davam edəcək. Bu müddətdə iştirakçı ölkələrin təcrübələrinin müqayisəli təhlili, uğurlu beynəlxalq təcrübələrin müəyyənləşdirilməsi və praktiki tövsiyələrin hazırlanması nəzərdə tutulur.
Yekun nəticələrin BNF-nin gələcək tədqiqat və siyasət sənədlərində nəzərə alınacağı bildirilib. Azərbaycan nümayəndə heyəti ölkədə aparılan nəqliyyat islahatları, regionlarda ictimai nəqliyyatın inkişafı və dayanıqlı mobillik üzrə əldə olunmuş təcrübənin İşçi qrupun fəaliyyətinə töhfə verə biləcəyini qeyd edib.
Azərbaycan tərəfi növbəti görüşlərdə və tədqiqat fəaliyyətlərində fəal iştirak etməyi və əldə olunan təcrübənin ölkədə tətbiqini planlaşdırır. Qeyd edək ki, layihə BNF-yə üzv ölkələr tərəfindən Bakıda təsdiqlənmiş 2026–2027-ci illər üzrə İş Proqramının tərkib hissəsidir.
Paylaş