Azərbaycan şirkəti MegaSec 5 - 7 oktyabr 2026-cı il tarixlərində Daşkənddə keçirilən Cyber Security Summit Central Eurasia-da iştirak edib
Tech-Azərbaycan
10.10.2026
Cyber Security Summit Central Eurasia 2026 (CSS 2026) dövlət qurumlarını, beynəlxalq təşkilatları, texnologiya şirkətlərini və kibertəhlükəsizlik mütəxəssislərini bir araya gətirib. Rəqəmsal təhlükəsizlik, süni intellekt və innovasiyaya həsr olunan sammit regional əməkdaşlığın inkişafı və yeni texnoloji təşəbbüslərin müzakirəsi üçün beynəlxalq platforma rolunu oynayıb.
MegaSec sammitdə öz stendi ilə iştirak edərək kibertəhlükəsizlik, süni intellekt, maşın öyrənməsi, rəqəmsal transformasiya və pilotsuz uçuş aparatları sahələrindəki həllərini nümayiş etdirib. Şirkətin stendi müxtəlif ölkələrdən olan nümayəndələrlə görüşlər və potensial əməkdaşlıq istiqamətlərinin müzakirəsi üçün imkan yaradıb.
Sammitin mühüm nəticələrindən biri 8 oktyabr tarixində MegaSec ilə Mərkəzi Asiya Süni İntellekt Assosiasiyası (Central Asian Association for Artificial Intelligence - AICA) arasında Əməkdaşlıq Memorandumunun imzalanması olub. Sənəd MegaSec-in direktoru Qabil Qasımov və Mərkəzi Asiya Süni İntellekt Assosiasiyasının sədri Vladimir Norov tərəfindən imzalanıb.
Bu əməkdaşlıq Azərbaycan və Özbəkistan arasında texnoloji əlaqələrin möhkəmləndirilməsi ilə yanaşı, Mərkəzi Asiya regionunda informasiya təhlükəsizliyi ekosisteminin dayanıqlı və rəqabətqabiliyyətli inkişafına töhfə verməyi nəzərdə tutur.
CSS 2026-da iştirak MegaSec üçün Özbəkistandakı mövcud əlaqələri gücləndirmək, beynəlxalq tərəfdaşlarla yeni imkanları araşdırmaq və şirkətin kibertəhlükəsizlik, süni intellekt, rəqəmsal transformasiya sahələrindəki həllərini daha geniş auditoriyaya təqdim etmək baxımından əhəmiyyətli olub. Bu iştirak MegaSec-in regional bazarlardakı mövqeyinin möhkəmləndirilməsi və yeni strateji tərəfdaşlıqların qurulması baxımından mühüm əhəmiyyət daşıyır.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...