Azərbaycanda tədqiqatçılar üçün vahid rəqəmsal baza yaradılıb
Tech-Azərbaycan
27.04.2026
Farid
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi “Rəqəmsal Repozitariyaların İnkişafına Dəstək” layihəsi çərçivəsində laboratoriya avadanlıqları üzrə mərkəzi rəqəmsal repozitariyanı istifadəyə verib.
Technote.az xəbər verir ki, yeni platformanın əsas məqsədi ölkənin elmi və ali təhsil müəssisələrində mövcud olan laboratoriya avadanlıqları barədə məlumatları vahid rəqəmsal bazada toplamaqdır. Bu yanaşma tədqiqatçıların avadanlıqlara çıxışını daha əlçatan edir.
Platforma ölkədə bu sahədə ilk açıq çıxışlı rəqəmsal repozitariya hesab olunur. Burada müxtəlif müəssisələrdə yerləşən laboratoriya avadanlıqları vahid sistemdə birləşdirilib.
Hazırda repozitariyada 29 müəssisəyə aid 2000-ə yaxın laboratoriya avadanlığı barədə məlumat yerləşdirilib. Bazada avadanlığın adı, istehsalçı şirkəti və ölkəsi, istehsal ili, yerləşdiyi laboratoriya, şəkli və məsul şəxs barədə məlumatlar təqdim olunur.
Rəqəmsal baza avadanlıqlardan daha səmərəli istifadəni təmin edir. Bu, eyni avadanlığın təkrar alınmasının qarşısını alır və büdcə vəsaitlərinə qənaətə imkan yaradır. Eyni zamanda, platforma elmi və korporativ əməkdaşlığı genişləndirir.
Sistem mütəmadi olaraq yenilənir və genişləndirilir. Yaxın mərhələdə platformaya elmi nəşrlərin və tədqiqatçı profillərinin də əlavə olunması planlaşdırılır. Sənaye və korporativ müəssisələr də öz inventar məlumatlarını paylaşaraq layihəyə qoşula bilərlər.
Paylaş