Logo
    main-post-cover

    Azərbaycanın “Vahid Mədəniyyət Reyestri” beynəlxalq mükafata layiq görülüb

        Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Böyük Britaniyanın “Global Brand Magazine” nəşri tərəfindən keçirilən beynəlxalq müsabiqədə qalib olub. Qurum “İrsin qorunmasında ən yaxşı dövlət innovasiyası” nominasiyası üzrə mükafat qazanıb.
        Technote.az xəbər verir ki, mükafatın təqdim edilməsində əsas meyarlardan biri “Vahid Mədəniyyət Reyestri” informasiya sisteminin yaradılması olub. Platformaya 3000-dən çox daşınmaz mədəni irs nümunəsi üzrə məlumat inteqrasiya edilib.
        Qarabağ və Şərqi Zəngəzurda tarix və mədəniyyət abidələri üzrə aparılan genişmiqyaslı inventarlaşdırma və qiymətləndirmə işləri də xüsusi qeyd olunub. Bu prosesdə Coğrafi İnformasiya Sistemi, dron və peyk texnologiyalarından istifadə edilib.
        Həmçinin “MyCulture” vahid şəxsi kabinet sistemi üzərindən rəqəmsal müraciət imkanlarının yaradılması və vətəndaşyönümlü xidmət modelinin formalaşdırılması ön plana çıxarılıb. Şəffaflıq və operativlik istiqamətində görülən işlər beynəlxalq səviyyədə yüksək qiymətləndirilib.
        Qeyd edək ki, “dövlət sektoru” kateqoriyası üzrə mükafatlar daha əvvəl Yaponiya Nazirlər Kabineti, Böyük Britaniyanın Milli Səhiyyə Xidməti, İsrail Milli Kibertəhlükəsizlik Direktorluğu və digər nüfuzlu qurumlara təqdim olunub. “Global Brand Magazine” dövlət idarəçiliyi və innovasiya sahəsində fəaliyyət göstərən ən nüfuzlu beynəlxalq platformalardan biri hesab edilir.
    Paylaş