AzerTelecom Ermənistanın internet trafikinin tranzitini Azərbaycan üzərindən təmin edəcək
Tech-Azərbaycan
22.06.2026
Farid
“AzerTelecom” və “Telecom Armenia” şirkətləri Ermənistanın beynəlxalq internet bağlantısının Azərbaycan üzərindən təmin edilməsinə dair ikitərəfli müqavilələr imzalayıblar. Razılaşma çərçivəsində Ermənistanın beynəlxalq internet trafiki Azərbaycan üzərindən tranzit olunacaq.
Technote.az xəbər verir ki, müqaviləyə əsasən, “AzerTelecom” beynəlxalq internet trafikinin təchizatı üzrə ölkələrin sayını və coğrafiyasını genişləndirəcək. Şirkət öz infrastrukturundan istifadə etməklə Ermənistan istiqamətində internet trafikinin tranzitini təmin edəcək.
Razılaşmanın məqsədi bağlantı marşrutlarının diversifikasiyasını dəstəkləməkdir. Bununla yanaşı, telekommunikasiya şəbəkələrinin etibarlılığının artırılması və sahədə əməkdaşlığın genişləndirilməsi hədəflənir.
“AzerTelecom” Azərbaycanın aparıcı telekommunikasiya şirkətlərindən biridir. Şirkət internet trafikinin topdansatışı, rabitə xidmətləri və rəqəmsal həllər təqdim edir.
Şirkət həmçinin Avropa ilə Asiyanı birləşdirən “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsini həyata keçirir. “AzerTelecom” “NEQSOL Holding”in tərkibinə daxil olan “Azerconnect Group”un üzvüdür.
Paylaş
Bənzər xəbərlər