Bakıda Rəqəmsal Logistika Platformasının yeni imkanları təqdim edilib
Tech-Azərbaycan
08.06.2026
Farid
Bakıda keçirilən II Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda nəqliyyat və logistika sahəsində rəqəmsallaşma mövzusu müzakirə olunub. Paneldə nəqliyyat infrastrukturunun modernləşdirilməsi və rəqəmsal həllərin tətbiqi istiqamətində görülən işlər təqdim edilib.
Technote.az xəbər verir ki, forumda Rəqəmsal Logistika Platformasının imkanları nümayiş etdirilib. Bildirilib ki, Prezidentin Fərmanı əsasında yaradılan “Bir pəncərə” informasiya sistemi beynəlxalq ticarət və logistika proseslərini sadələşdirir.
Sistem xarici iqtisadi fəaliyyət iştirakçıları arasında məlumat mübadiləsini asanlaşdırır və kağız sənəd dövriyyəsini azaldır. Həmçinin beynəlxalq ticarət əməliyyatları üçün tələb olunan sənədlərə vahid müraciətlə çıxış imkanı yaradır.
Hazırda platforma çərçivəsində Ticarət Bələdçisi alt sistemi, Fumiqasiya Aktı, Beynəlxalq Əmtəə-Nəqliyyat Qaiməsi (CMR) və E-Permit rəqəmsal xidmət kimi istifadəyə verilib. Ticarət Bələdçisi vasitəsilə 7 mindən çox məhsul üzrə icra mərhələləri haqqında məlumat əldə etmək mümkündür.
Məlumata görə, Fitosanitar Sertifikat, İxrac Bəyannaməsi və Gigiyenik Sertifikatın elektronlaşdırılması yaxın vaxtlarda tamamlanacaq. Növbəti mərhələdə isə idxal və tranzit əməliyyatlarının rəqəmsallaşdırılması nəzərdə tutulur.
Paylaş
Bənzər xəbərlər