“Baku Flames”in yeni peşəkar icmalarının ilk görüşləri baş tutdu
Tech-Azərbaycan
13.11.2026
“Baku Flames”in təşəbbüsü ilə yaradılan “Flames Marketing Society” və “Flames Creative Society” icmalarının ilk görüşləri baş tutdu. 23 oktyabrda marketinq rəhbərləri, 30 oktyabrda isə kreativ sənayenin aparıcı nümayəndələri bir araya gələrək Azərbaycanın marketinq və reklam sektorunun aktual problemlərini, inkişaf imkanlarını və gələcək təşəbbüsləri müzakirə etdilər.
Hər iki icma “Baku Flames”in ilboyu fəaliyyət göstərən yeni ekosisteminin əsas istiqamətlərindəndir. Məqsəd festivaldan kənarda da sənaye daxilində əlaqələri gücləndirmək, bilik və təcrübə mübadiləsini davam etdirmək və sektorun inkişafına töhfə verməkdir.
Görüşlərin əvvəlində üzvlərə “Baku Flames” ekosistemi, icmaların məqsədləri və qarşıdakı mövsümün planları təqdim edildi. Daha sonra isə hər bir icmanın fəaliyyət sahəsinə uyğun müzakirələr aparıldı.
Flames Marketing Society: Gənc istedadlar, data və peşəkar standartlar
“Flames Marketing Society”nin ilk görüşündə əsas diqqət Azərbaycanda marketinq istedadlarının inkişafına, yerli araşdırmaların artırılmasına və peşəkar standartların formalaşdırılmasına yönəldi.
Görüşün əsas müzakirə mövzularından biri yeni marketinq mütəxəssislərinin yetişdirilməsi oldu. “PAŞA Bank”ın marketinq rəhbəri Günel Mavliyarova istedad, təhsil və mentorluğun icmanın ilk fəaliyyət istiqamətlərindən biri olmasını təklif etdi.
“PAŞA Malls”un əməliyyatlar üzrə baş direktoru Kemal Baştürk isə Azərbaycanda marketinq vakansiyalarına marağın olduğunu, lakin müraciət edən gənclərin bir hissəsinin peşə haqqında kifayət qədər praktiki məlumata sahib olmadığını qeyd etdi. Artan rəqabət və şirkətlərin marketinqə ehtiyacının genişlənməsi fonunda gələcək mütəxəssislərin daha sistemli hazırlanmasının vacibliyi vurğulandı.
Bu istiqamətdə mentorluq proqramlarının yaradılması və universitetlərlə əməkdaşlıq imkanları nəzərdən keçirildi.
Digər əsas mövzu isə Azərbaycan marketinq bazarında yerli data və araşdırmaların artırılması oldu. İştirakçılar marketinq qərarlarının daha güclü istehlakçı insaytlarına, ölçmə nəticələrinə və real bazar göstəricilərinə əsaslanmasının vacibliyini qeyd etdilər.
Görüşdə yerli istehlakçı davranışı, brend seçimləri, marketinq büdcələri və bazar trendləri üzrə araşdırmaların hazırlanması ideyaları səsləndirildi. Bu istiqamətdə ilk praktik addımın noyabr ayında atılması planlaşdırılır. “Flames Marketing Society” üzvləri “FutureBright Group” ilə onlayn görüş keçirərək Azərbaycan bazarı üçün mümkün araşdırma və data layihələrini müzakirə edəcəklər.
Bununla yanaşı, “Procter & Gamble”ın marketinq və kommersiya direktoru Əliyar Hüseynovun təşəbbüsü ilə reklam etikası və özünütənzimləmə prinsipləri üzrə ilkin kodeks üzərində işləmək təklif edildi. Reklamverənlər, agentliklər, media və digər tərəflər arasında daha sistemli dialoqun qurulması da mümkün fəaliyyət istiqamətlərindən biri kimi qeyd olundu.
Flames Creative Society: Kreativ keyfiyyət, süni intellekt və agentlik münasibətləri
“Flames Creative Society”nin ilk görüşündə isə Azərbaycanın kreativ sənayesində yaradıcı işlərin keyfiyyəti, süni intellektin təsiri, agentlik və brend münasibətləri, eləcə də gənc istedadların inkişafı müzakirə olundu.
Əsas mövzulardan biri süni intellektin kreativ sənayedə artan rolu və bunun yaradıcı işlərin keyfiyyətinə mümkün təsirləri oldu. İştirakçılar bəzi şirkətlərin yaradıcı işlər üçün büdcə ayırmaq əvəzinə süni intellekt alətlərinə üstünlük verməsindən və bunun kreativ əməyin dəyərinə təsirlərindən danışdılar.
“Kristal” şirkətinin kreativ direktoru Fərid Rzazadə süni intellektin yalnız xərcləri azaltmaq məqsədilə istifadə edilməsinin brendin uzunmüddətli dəyərinə mənfi təsir göstərə biləcəyini qeyd etdi. Eyni zamanda süni intellekt üzrə təlimlərin keyfiyyəti və bu sahədə kifayət qədər peşəkar təcrübəsi olmayan şəxslərin keçirdiyi təlimlərin gənc mütəxəssislərə mümkün təsirləri də müzakirə olundu.
Bu istiqamətdə süni intellektdən məsuliyyətli istifadə, kreativ prosesdə insanın rolu və peşəkar keyfiyyət standartları ilə bağlı tövsiyələrin hazırlanması mümkün təşəbbüslərdən biri kimi nəzərdən keçirildi.
Görüşdə diqqət çəkən digər mövzu agentliklərlə brendlər arasındakı əməkdaşlıq oldu. “Maverick”in baş kreativ direktoru Burak Kayzum brendlərin kreativ prosesə müdaxiləsinin bəzən ideyanın ilkin gücünü və keyfiyyətini zəiflətdiyini qeyd etdi. O bu məsələlərin yalnız agentliklər arasında deyil, marketinq rəhbərləri ilə birlikdə müzakirə olunmasını təklif etdi.
“FCB Artgroup Baku”nun kreativ direktoru Ülviyə Mütəllimova isə agentliklərin bəzən öz işlərinə həddindən artıq bağlandığını qeyd edərək sənayedə daha açıq və peşəkar tənqid mühitinin yaradılmasının vacibliyini vurğuladı.
Bununla yanaşı, gənc kreativlərin inkişafı, mentorluq proqramları, universitetlərlə əməkdaşlıq, portfolio sessiyaları və master-klasların təşkili kimi imkanlar müzakirə edildi. İcma üzvləri həmçinin agentlik və frilans bazarı, kreativ xidmətlərin qiymətləndirilməsi və sənayenin iqtisadi potensialı üzrə daha sistemli araşdırmaların aparılmasının vacibliyini qeyd etdilər.
İki icma arasında əməkdaşlıq imkanları
Hər iki görüşdə ortaq mövzular da önə çıxdı. Xüsusilə, gənc istedadların inkişafı, peşəkar standartlar və agentliklərlə brendlər arasındakı münasibətlər həm marketinq, həm də kreativ icmanın diqqət mərkəzində oldu.
Bu səbəbdən “Flames Creative Society” və “Flames Marketing Society” arasında ortaq görüşlərin keçirilməsi ideyası da irəli sürüldü. Məqsəd agentlik və brend tərəflərinin qarşılıqlı gözləntilərini, kreativ prosesdə qərarvermə səlahiyyətlərini və ümumi problemləri hər iki tərəfin baxışından müzakirə etməkdir. Belə görüşlər kreativ və marketinq mütəxəssisləri arasında daha güclü dialoqun qurulmasına və birgə təşəbbüslərin inkişafına imkan yarada bilər.
Növbəti addımlar və gələcək planlar
İlk görüşlərin nəticəsində hər iki icmanın qarşıdakı dövr üçün əsas müzakirə istiqamətləri müəyyənləşməyə başladı.
“Flames Marketing Society” çərçivəsində noyabr ayında data və araşdırma mövzusunda ilk onlayn görüşün keçirilməsi, reklam etikası və özünütənzimləmə kodeksi üzrə ilkin işlərin başlanması, mentorluq və universitet əməkdaşlığı imkanlarının araşdırılması planlaşdırılır. Dekabrda keçiriləcək növbəti oflayn görüşün əsas mövzusu isə süni intellektin marketinqə təsiri olacaq.
“Flames Creative Society”də isə kreativ keyfiyyətin artırılması, gənc istedadların inkişafı, agentlik və brend münasibətlərinin gücləndirilməsi, süni intellektdən məsuliyyətli istifadə və peşəkar standartların formalaşdırılması növbəti dövr üçün əsas istiqamətlər kimi önə çıxdı.
Qarşıdakı mərhələdə hər iki icmanın görüş təqvimləri nəzərdən keçiriləcək, üzvlərin təklifləri əsasında gələcək müzakirələrin mövzuları və mümkün birgə təşəbbüslər müəyyənləşdiriləcək
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...