“mygov” platformasına yeni təhsil xidmətləri inteqrasiya olunub
Tech-Azərbaycan
02.06.2026
Farid
“mygov” rəqəmsal hökumət platformasında vətəndaşlara təqdim olunan xidmətlərin sayı artırılıb. Elm və Təhsil Nazirliyinə aid bir sıra xidmətlər artıq platformaya inteqrasiya edilib və onların ümumi illik istifadə sayı 320 mini ötür.
Technote.az xəbər verir ki, yeni xidmətlər arasında ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunanların qeydiyyatı da yer alır. Bu xidmət üzrə illik istifadəçi sayının 60 min nəfərə qədər olması gözlənilir.
Platformaya magistratura və rezidentura səviyyələri üzrə qeydiyyat xidmətləri də əlavə olunub. Bu xidmətlərin illik istifadəçi sayı müvafiq olaraq 14 min və 600 nəfərə qədərdir.
Eyni zamanda, orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı və məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu xidmətləri istifadəyə verilib. Bu xidmətlər üzrə illik istifadəçi sayı müvafiq olaraq 24 min və 225 min nəfərə qədərdir.
Yeni xidmətlərdən növbəti tədris ili üçün qəbul və qeydiyyat proseslərində istifadə olunacaq. Vətəndaşlar xidmətlərə my.gov.az portalının “Xidmətlər” bölməsi üzərindən çıxış əldə edə bilərlər.
Paylaş