“e-Su” tətbiqi fəaliyyətini dayandırır - xidmətlər “mygov”a keçir
Tech-Azərbaycan
12.05.2026
Farid
Mayın 12-dən etibarən “e-Su” mobil tətbiqi fəaliyyətini dayandıracaq. Qurumun rəqəmsal xidmətləri artıq “mygov” platforması üzərindən təqdim olunacaq.
Technote.az xəbər verir ki, dəyişiklik rəqəmsal dövlət xidmətlərinin “bir pəncərə” prinsipi ilə təqdim olunması çərçivəsində həyata keçirilir. Məqsəd xidmətlərin əlçatanlığını artırmaq və rəqəmsal prosesləri sadələşdirməkdir.
Bu günədək Agentliyin 6 xidməti “mygov” platformasında rəqəmsal formada vətəndaşlara təqdim olunurdu. Hazırda isə mövcud xidmətlərlə yanaşı, qurumun daha 7 xidməti platformaya inteqrasiya edilir.
Növbəti mərhələlərdə rəqəmsal xidmətlərin təkmilləşdirilməsi və əlavə xidmətlərin “mygov” platformasına inteqrasiyası istiqamətində işlər davam etdiriləcək. Bununla da əlavə resurs və xidmət kanallarına ehtiyacın minimuma endirilməsi hədəflənir.
Qeyd edək ki, “mygov” bütün dövlət xidmətlərini vahid platformada birləşdirir. Bu yanaşma vətəndaşların dövlət xidmətlərinə daha operativ və rahat çıxışını təmin edir.
Paylaş