“e-Tabib” tətbiqi fəaliyyətini dayandırdı
Tech-Azərbaycan
13.05.2026
Farid
“Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üzrə Fəaliyyət Planı” çərçivəsində TƏBİB tərəfindən rəqəmsallaşma istiqamətində işlər davam etdirilir. Bu çərçivədə “e-Tabib” tətbiqinin xidmətləri tam şəkildə “mygov” platformasına inteqrasiya olunub.
Technote.az xəbər verir ki, bu gündən etibarən “e-Tabib” mobil tətbiqi fəaliyyətini tam dayandırıb. Tətbiq üzərindən təqdim olunan bütün rəqəmsal xidmətlər artıq yalnız “mygov” vasitəsilə əlçatan olacaq.
Qərar rəqəmsal dövlət xidmətlərinin “bir pəncərə” prinsipi əsasında təqdim olunması çərçivəsində qəbul edilib. Məqsəd xidmətlərin təkrarlanmasının qarşısını almaq və vətəndaşlara daha çevik xidmət göstərməkdir.
TƏBİB-in rəqəmsal xidmətlərinin “mygov” platformasına inteqrasiya prosesi artıq tam başa çatıb. Bununla “e-Tabib” “mygov”a inteqrasiya edilən növbəti dövlət tətbiqi olub.
Yeni yanaşma dövlət xidmətlərinin vahid platformada təqdim edilməsini təmin edir. Bu model vasitəsilə vətəndaşların rəqəmsal xidmətlərə daha operativ və rahat çıxışı hədəflənir.
Paylaş