Kəlbəcərdə yeni avtonom radiomonitorinq stansiyası istifadəyə verilib
Tech-Azərbaycan
09.06.2026
Farid
Respublika ərazisində radionəzarət imkanlarının genişləndirilməsi məqsədilə Kəlbəcərdə yeni günəş panelli avtonom radiomonitorinq stansiyası (RMS) quraşdırılaraq istifadəyə verilib. Stansiya radiotezlik spektrinin daha səmərəli idarə olunmasına xidmət edir.
Technote.az xəbər verir ki, SDR (proqram əsaslı radioqəbuledici) avadanlıqlarla təchiz olunan stansiya vasitəsilə Kəlbəcər şəhəri və ətraf ərazilərdə radio yayımların və radiotezlik spektrinin məsafədən operativ monitorinqi həyata keçirilir. Yeni infrastruktur radiomonitorinq proseslərinin daha çevik idarə olunmasına imkan yaradır.
Stansiyanın texniki imkanları sayəsində real vaxt rejimində spektr məşğulluğunu izləmək, ölçmə nəticələrini təhlil etmək və radionəzarət proseslərini məsafədən idarə etmək mümkündür. Həmçinin stansiyaya günün istənilən vaxtında uzaqdan qoşulmaq imkanı təmin edilib.
Avtonom RMS-də modernizasiya işləri aparılıb və videomüşahidə sistemi quraşdırılıb. Enerji resurslarından səmərəli istifadə üçün avadanlıqların məsafədən aktiv və ya deaktiv olunmasına imkan verən idarəetmə funksiyası da tətbiq olunub.
Kəlbəcərdə istifadəyə verilən stansiya işğaldan azad edilmiş ərazilərdə radiotezlik spektrinin monitorinqi üzrə növbəti mərhələ hesab olunur. Şuşa, Laçın, Zəngilan, Ağdam və Kəlbəcərdə olmaqla ümumilikdə 5 avtonom radiomonitorinq stansiyasının qurulması təmin edilib.
Paylaş
Bənzər xəbərlər