mygov platformasına DİN-in nəqliyyat xidmətləri inteqrasiya edilib
Tech-Azərbaycan
16.05.2026
Farid
mygov platforması üzərindən təqdim olunan rəqəmsal xidmətlərin sayı artırılıb. Daxili İşlər Nazirliyinin nəqliyyat sahəsi üzrə təqdim etdiyi 4 yeni xidmət və məlumat artıq platformaya inteqrasiya olunub.
Technote.az xəbər verir ki, yeni inteqrasiya nəticəsində vətəndaşlar nəqliyyat xidmətlərindən birbaşa “mygov” üzərindən istifadə edə biləcəklər. Xidmətlər vahid rəqəmsal platforma üzərindən təqdim olunaraq istifadəçi təcrübəsinin daha sürətli və əlçatan formada təşkilini hədəfləyir.
Platformaya inteqrasiya olunan xidmətlər sırasında “Sürücülük vəsiqəsinin dəyişdirilməsi”, “Nəqliyyat vasitəsinin zədələnməsinə dair arayış” və “Nəqliyyat vasitəsinin axtarışda və ya yüklü olub-olmaması haqqında arayış” yer alır. Həmçinin nəqliyyat vasitəsinin texniki baxış məlumatı artıq rəqəmsal formada əlçatandır.
“Sürücülük vəsiqəsinin dəyişdirilməsi” xidməti vasitəsilə müraciət prosesi tam rəqəmsal qaydada həyata keçirilir. Platforma üzərindən məlumatların yoxlanılması, foto seçimi, qeydiyyat orqanının müəyyən edilməsi və ödəniş mərhələləri icra olunur.
“Nəqliyyat vasitəsinin texniki baxışı” məlumatına vətəndaşlar birbaşa platforma üzərindən baxa bilirlər. Xidmətlərə mobil tətbiqin “Xidmətlər” bölməsindəki “Nəqliyyat” kateqoriyası və veb portalda “Daxili İşlər Nazirliyi” bölməsi vasitəsilə keçid etmək mümkündür.
Paylaş