Logo
    main-post-cover

    mygov platformasına Ədliyyə Nazirliyinin yeni xidmətləri inteqrasiya edilib

        Rəqəmsal dövlət xidmətlərinin vahid platformada təqdim olunması çərçivəsində Ədliyyə Nazirliyinin bir sıra xidmətləri artıq mygov platformasına inteqrasiya edilib. Yeni yanaşma vətəndaşların xidmətlərə “bir pəncərə” prinsipi ilə çıxışını təmin edir.
        Technote.az xəbər verir ki, artıq vətəndaşlar 3 yeni xidmətdən ayrı-ayrı platformalara keçid etmədən birbaşa “mygov” üzərindən istifadə edə bilirlər. Bunlar “Tərcümə xidməti”, “Azyaşlının ölkəni tərk etməsi üçün razılıq ərizəsi”“Fiziki şəxslərə aid icra işləri barədə məlumatların təqdim olunması” xidmətləridir.
        “Tərcümə xidməti” vasitəsilə istifadəçilər notariat qaydasında təsdiqi mümkün olan və olmayan sənədlərin tərcüməsi üçün rəqəmsal müraciət göndərə bilirlər. Xidmət çərçivəsində sənəd platformaya yüklənir, ödəniş tamamlanır və müraciətin statusu “mygov” üzərindən izlənilir.
        “Azyaşlının ölkəni tərk etməsi üçün razılıq ərizəsi” xidmətində vətəndaş azyaşlı, müşayiətçi və səfərlə bağlı məlumatları daxil edir. Video identifikasiya və ödəniş mərhələsi tamamlandıqdan sonra müraciət aidiyyəti üzrə göndərilir və nəticə barədə bildiriş təqdim olunur.
        “Fiziki şəxslərə aid icra işləri barədə məlumatlar” xidməti istifadəçilərə öz icra işləri və sənədlərlə platforma üzərindən tanış olmaq imkanı yaradır. Qeyd edək ki, bunadək Ədliyyə Nazirliyinin 5 həyat hadisəsi əsaslı xidməti və notariat fəaliyyəti ilə bağlı 4 xidməti artıq “mygov” platformasına inteqrasiya olunub.
    Paylaş